Əli Həsənov:  "İqtisadi uğurlarımızı vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik”

2 İyul 2012 12:13 (UTC+04:00)
Vətəndaş cəmiyyəti sektorunun nümayəndələri ilə bugünkü görüş sözün həqiqi mənasında tam şəffaf, səmimi bir şəraitdə keçiriləcək.Mən bu sahədə Azərbaycanın ictimai həyatında, sosial sahədə ictimai əhəmiyyət kəsb edən və QHT-lərin hansısa şəkildə fəaliyyətinə aid olan bütün məsələləri açıq və şəffaf müzakirə etməyə hazıram". SİA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda keçirilən tədbirdəki giriş nitqində söyləyib. Ə. Həsənov deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir: "Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik". Əli Həsənov müzakirələrin formal xarakter daşımayacağını da bildirib: "Bu görüşü formal bir görüş kimi görmürəm. QHT-lərin səsləndirdiyi təkliflər qeydiyyata alınıb təhlil olunacaq. Həmin təkliflər ümumiləşdirilmiş şəkildə vətəndaş cəmiyyəti institutları ilə gələcək əlaqələrin strategiyasını müəyyən edəcək. QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir".