Krans Montana Forumunun mükafatlandırma mərasimi olub

30 İyun 2012 22:23 (UTC+04:00)

Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron tədbirin yüksək səviyyədə keçirildiyini bildirib


Bu gün Bakıda Krans Montana Forumunun bağlanışında mükafatlandırma mərasimi keçirilib. Mərasimdə çıxış edən Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron tədbirin yüksək səviyyədə keçirildiyini bildirib və bu forumda çox mühüm məsələlərin müzakirə edildiyini deyib. Jan Pol Karteron Krans Montana Forumunun Bakıda yüksək səviyyədə təşkilinə görə Azərbaycan prezidenti İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.


Sonra Jan Pol Karteron forumun ideyalarına sadiqliyinə görə Niger prezidenti Mahamadu İssufunu, Birləşmiş Ərəb Əmirliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqini, İraqın Baş nazirinin müavini Nuri Şavaysı, Namibiyanın keçmiş Baş naziri Heyç Geynqodu, ALECSO-nun baş katibi Məhəmməd əl Əziz bin Axouru və İçikoviç Ailə Fondunun təsisçisi və sədri İvor İçikoviçi mükafatlandırıb.


Mükafata layiq görülənlər onların fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildiriblər.