Nazir Fizuli Ələkbərov cəbəllütariqli həmkarı ilə görüşüb

30 İyun 2012 10:41 (UTC+04:00)

Bakıda keçirilən 23-cü "Crans Montana" Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Cəbəllütariqin Müəssisələr, Təlimlər və Məşğulluq naziri Coy Bossano Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov ilə görüş keçirib. SİA-nın xəbərinə görə, görüşün əsas məqsədi Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar, qazanılan nailiyyətlər barədə məlumatlar əldə etmək və gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi olub.

Qonağı salamlayan nazir Fizuli Ələkbərov ümummilli lider Heydər Əliyevin müdrik siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin düzgün düşünülmüş məqsədyönlü siyasəti nəticəsində müstəqil respublikamızın sürətli inkişaf dinamikasına malik olduğunu, keçid iqtisadiyyatı dövrünü başa vuraraq keyfiyyətcə yeni tərəqqi mərhələsində inamla irəlilədiyini vurğulayıb və ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan tarixi nailiyyətlər barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, iqtisadi inkişaf dinamikasına görə dünyada lider mövqeyi ilə seçilən, Cənubi Qafqaz iqtisadiyyatında 80 faizlik paya malik olan ölkəmizdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru da daim inkişaf edir. Ölkədə iqtisadi tərəqqidən irəli gələn imkanlar ilk növbədə insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə yönəldilir. Yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq, son 8 il ərzində bir milyondan çox yeni iş yeri yaradılıb, işsizlik səviyyəsi 5,6 faizə enib, yoxsulluq səviyyəsi 49 faizdən 7,6 faizə qədər azalıb.

Görüş zamanı Coy Bossano cənab nazirə qəbul üçün öz minnətdarlığını bildirib, rəhbərlik etdiyi nazirliyin məşğulluq və əmək, sosial müdafiə, pensiyalar və sosial yardım, birbaşa investisiyalar, müəssisələr və təlimlər sahələri üzrə fəaliyyət göstərdiyini söyləyib. Qonaq eyni zamanda, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri ilə tanış olub. Coy Bossano Azərbaycanda neft və qeyri-neft sektoru, həmçinin əmək, sosial müdafiə və məşğulluq sahələrində son illərdə görülən işləri, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

Görüş zamanı hər iki ölkənin nazirliklərinin fəaliyyət sahələrinə aid olan məsələlər və ikitərəfli əməkdaşlıqla bağlı gələcək perspektivlər müzakirə edilib.