Təhsil naziri: “Hələlik Azərbaycanda heç kəsə qızıl və gümüş medal verilməyib” - AÇIQLAMA

29 İyun 2012 13:08 (UTC+04:00)

"Bu il qızıl və gümüş medalların verilməsi ilə əlaqədar qərar qəbul etməmişik. Gərək bütün buraxılış imtahanları qurtarsın, nəticələr Təhsil Nazirliyinə gəlsin, ondan sonra qərar qəbul ediləcək". SİA-nın verdiyi xəbərə görə, bunu təhsil naziri Misir Mərdanov deyib.


Onun sözlərinə görə, qızıl medallar Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən verilə bilər: "Ötən il buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirirdi. Bu il isə dəyişiklik olub. Həmin dəyişikliyə uyğun bu məsələyə yenidən baxmalıyıq. Hələlik Azərbaycanda bu ilin yekunlarına əsasən heç kəsə qızıl və gümüş medal verilməyib".


Nazir bildirib ki, orta məktəb məzunlarına attestatların verilməsində heç bir problem yoxdur: "Bakı şəhəri üzrə attestatlar verilib. TQDK-dan qiymətlər haqqında məlumatlar aldıqca biz attestatları verəcəyik. Burada heç bir problem yaranmayacaq. Bir günün ərzində biz bütün attestatları verə bilərik".