Balaxanı poliqonunda ekoloji monitorinqlər davam etdirilir

29 İyun 2012 10:23 (UTC+04:00)

Balaxanı şəhər tullantılarının zərərsizləşdirilməsi poliqonunun "Təmiz Şəhər" ASC-yə təhvil verildiyi ilk gündən poliqon ərazisində bərpa və yenidənqurma işləri ilə yanaşı, ətraf mühitin vəziyyəti öyrənilir, ekoloji monitorinqlər aparılır. poliqonunun "Təmiz Şəhər" ASC-dən SİA-ya verilən məlumata görə, aparılan son monitorinq nəticəsində suda və səth torpaq örtüyündə ağır metalların, havada kimyəvi birləşmələrin miqdarının azalması müşahidə olunmub. Hava nümunələrinin monitorinqi göstərir ki, PM10 tozlarının miqdarı əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı düşüb. HF (Hidrogen-flüorid), HCl (Hidrogen-xlorid), SO2 (Kükürd dioksidi) və CO (Dəm qazı) qazları isə yol verilən qatılıq həddindədir. Poliqonun ümumi vəziyyətinə nəzər yetirdikdə digər qazların miqdarının da tədricən azalması müşahidə olunur.

Əvvəllər su nümunələrində bəzi elementlərin miqdarı çox olsa da, görülmüş işlər nəticəsində ətraf mühitə mənfi təsirlər azalıb. Su nümunələrinin müqayisəli analizi göstərir ki, civənin miqdarı getdikcə azalır, digər elementlərin miqdarı isə yol verilən qatılıq həddindədir. Bundan başqa, ağır metalların torpağın tərkibində azalması müşahidə olunur. Belə ki, aparılan analizlər zamanı poliqondan götürülmüş torpaq nümunələrində bütün ağır metalların miqdarının yol verilən qatılıq həddində olduğu müəyyən edilib. 2011-ci ildə aparılan analizlərdə torpaqda ağır metalların azalması dinamikasının artması müşahidə olunub.

Qeyd edək ki, ən zərərli maddə sayılan dioksin və furanlar 2010-cu ilin əvvəlində torpaq nümunələrində 0.113 nqTEQ/kq olduğu halda, 2011-ci və 2012-ci ilin birinci rübündə aşkarlanıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 2008-ci il 6 avqust tarixli sərəncamından irəli gələrək "Təmiz Şəhər" ASC tərəfindən tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemi müasir standartlara uyğun qurulur və bu sahədə görülən işlər paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitə və insan səhhətinə mənfi təsirlərin aradan qaldırılmasına xidmət edir.