\"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Tovuz şəhərində təlim keçirib

28 İyun 2012 15:32 (UTC+04:00)

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda gənc sahibkarlar üçün biznes kurslarının keçirilməsi" layihəsi çərçivəsində Tovuz şəhərində 18-27 yaş arası gənclər arasında təlim keçirilib. İctimai Birlikdən SİA-ya verilən məlumat görə, təlimin məqsədi sahibkarlıq fəaliyyəti ilə bağlı bilik-bacarıq və təcrübəni inkişaf etdirilməsi, sahibkarlıqla məşğul olmaq istəyən imkansız gənclərə, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsini təmin etmək, bölgənin gənc sahibkarlarının fəaliyyətinin nəticələrinin reallaşdırılmasına şərait yaratmaqdır.

Təlimdə çıxış edən "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov ölkəmizdə sahibkarlığın prioritet sahə olduğunu və Azərbaycan Gəncliyi 2011-2015-ci illər Dövlət Proqramında da gənclərin sahibkarlıqla məşğul olması xüsusi nəzərə alındığını bildirib. Qeyd edək ki, təlimdə 50-dən çox gənc iştirak edib.