Aliyə Qarayeva ardıcıl 5-ci dəfə Azərbaycan çempionu oldu

28 İyun 2012 13:47 (UTC+04:00)
Dünən Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 19-cu Azərbaycan çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, yarışda həm seniorkalar, həm də 1997-1999-cu il təvəllüdlü – ümumilikdə 23 idmançı mübarizə aparıb.
Seniorkaların mübarizəsində Aliyə Qarayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Yusifova ikinci, Ayşə Mustafayeva isə üçüncü olublar. Ardıcıl 5 ildir Azərbaycan çempionu olan Aliyə Qarayeva bu dəfə də titulunu qorumağı bacarıb. A.Qarayeva çempionatda avqustun əvvəlində London Yay Olimpiya Oyunlarında təqdim edəcəyi proqramla çıxış edib. 1997-1999-cu il təvəllüdlü gimnastların yarışında isə Nilufər Niftəliyeva qızıl, Mənsurə Bağıyeva gümüş, Gülsüm Şəfizadə isə bürünc medal qazanıblar.
Yarışı Azərbaycan, Latviya, Serbiya, Sloveniya, Cənubi Afrika Respublikası və Meksikadan olan hakimlər briqadası idarə edib.Çempionatın baş hakimi isə Nataliya Bulanova (Azərbaycan) olub.
Çempionatda "Neftçi"nin gimnastları ilə yanaşı, Respublika Kompleks İdman Məktəbi və "Sərhədçi" "Spartak" cəmiyyətlərinin idmançıları, habelə Bakı Gimnastika Məktəbinin, Gəncə, Sumqayıt və Xırdalan gimnastları da yarışıblar.