Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi: \"Azərbaycan Şimali Qafqaz üçün strateji və vacib tərəfdaşdır\"

28 İyun 2012 13:34 (UTC+04:00)
\"Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin rekord səviyyəsi qeydə alınıb\". SİA-nın xəbərinə görə, bunu "Rusiya-Azərbaycan dialoqu-2012" adlı III Rusiya-Azərbaycan regionlararası forumunda çıxışında Rusiya prezidentinin Şimali Qafqaz federal dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Sergey Subbotin deyib. O bildirib ki, Azərbaycan Şimali Qafqaz üçün strateji və vacib tərəfdaşdır: \"Rusiya Azərbaycan biznesinin Şimal Qafqazda turizmin inkişafına cəlb olunmasında maraqlıdır. Birgə iqtisadi layihələrin reallaşdırılması Cənubi Qafqazdan Rusiya və Avropaya koridorun yaranmasına imkan verəcək. Əməkdaşlığın fəallaşdırılması üçün Şimali Qafqaz dairəsinin Azərbaycanda vahid nümayəndəliyinin yaradılması planlaşdırılır. Hazırda hüquqi məsələlər həll olunur".

Rusiyanın 7 federasiya subyektinin nümayəndə heyətlərinin Azərbaycana səfər etdiyini və 6 regionla Azərbaycan arasında əməkdaşlıq sazişləri imzalandığını söyləyən Sergey Subbotin bildirib ki, ölkələr arasında əməkdaşlığın regional komponenti getdikcə artır.