Gənc Menecerlər üçün növbəti Yay Məktəbi keçiriləcək

28 İyun 2012 13:03 (UTC+04:00)

31 avqust – 5 sentyabr 2012-ci il tarixində Lənkəran rayonunda yerləşən "Palıdlı Sahil" istirahət mərkəzində "III Gənc Menecerlər üçün Yay Məktəbi" keçiriləcək. SİA-nın "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyindən aldığı məlumata görə, Yay məktəbinin məqsədi idarəetmə fəaliyyətinə yeni başlamış gənc menecerlərin bilik və bacırıqlarının artırılması və inkişaf etdirilməsidir.


6 gün müddətində təşkil olunmaqla, özündə təlim və mədəni – idman tədbirlərini birləşdirir. Təlim tədbirləri uğurlu menecer üçün vacib olan xüsusiyyətlərin aşılanması məqsədilə vaxtın idarəetmə alətləri, maliyyənin əsasları, tapşırığın icrası və nəzarət prinsipləri, karyeranın idarəetmə strategiyası, təşəbbüslərin effektiv idarə edilməsi, məlumat axının idarəetmə strategiyaları, feed-back bacarıqların inkişafı və s. kimi mövzuları əhatə edir. Özəl və dövlət qurumlarını təmsil edən peşəkar təlimçilər tərəfindən keçilən təlim proqramı iştirakçılara nəzəri biliklərlə yanaşı, həm də öyrəndiklərini tətbiq edərək təcrübə əldə etmək imkanı verir. Yay Məktəbində iştirakçıların vaxtlarını səmərəli dəyərləndirmək üçün onlara mədəni – idman proqramı da təqdim olunur. Mədəni – idman proqramı özündə "Kod Da Vinçi" komandaqurucu oyunu, "Kitch-party", breyn-ring məntiqi – intellektual oyunu, ekskursiya, idman və başqa tədbirləri özündə birləşdirir.


Qeyd edək ki, adı çəkilən Yay Məktəbi artıq 3-cü ildir ki, "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi və tərəfdaşları tərəfindən Azərbaycanda gənc menecerlərin yetişdirilməsi strategiyasını dəstək olaraq təşkil olunur. Yay Məktəbi 2 il ərzində Yay Menecerlər Məktəbində 60 nəfər iştirak etmişdir. Məktəbdə müxtəlif dövlət və özəl qurumların ("Paşa Sığorta", "Paşa Həyat Sığorta", "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyəti, CSP real estate, ARDNŞ, Milli Aviasiya Akademiyası, Çıraq Plaza və s.) nümayəndələri iştirak edib.


"III Gənc Menecerlər üçün Yay Məktəbi" haqqında ətraflı məlumatı https://www.facebook.com/events/364139063652875/ ünvanından əldə etmək mümkündür.