"Yaradıcı futbol ağırdır, nəinki dağıdıcı"

28 İyun 2012 12:55 (UTC+04:00)

Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına müsahibə verib. Siasport.az saytı olaraq təcrübəli futbol mütəxəssisinin fikirlərinin oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq müsahibəni olduğu kimi sizə təqdim edirik.

- Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Neftçi" komandasının rəqibi Gürcüstanın "Zestafoni" klubunu dəyərləndirməyinizi istərdim.

- "Zestafoni" dalbadal iki ildir, ölkə cempionu adına layiq görülüb. Bu isə çox şeydən xəbər verir. Bir də ki, onların avrokuboklardakı çıxışlarına diqqət yetirsək görərik ki, ilk mərhələləri çox asanlıqla keçməyi bacarıblar. Ümumiyyyətlə, Gürcüstan futboluna bələd olan insanlar yaxşı bilirlər ki, həmin ölkədə yaxşı futbolçular olub və indi də yetişməkdədir. Dünyanın bir çox ölkəsinin klublarında gürcü futbolçulara rast gəlmək olar. Bir sözlə, "Neftçi" bu mübarizəyə mükəmməl hazırlaşmalıdır Fikirləşməsinlər ki, gürcü klubunu asanlıqla keçəcəklər. Əgər hazırlığı yaxşı keçməsə, "Neftçi" üçün ağır ola bilər. Düzdü, bildiyimə görə, heyətin bir çox əsas futbolçusu gedib, amma yerlərinə kifayət qədər oyunçu hələ tam olaraq alınmayıb. İnanıram ki, yaxın zamanda bu problemi də aradan qaldıracaqlar.

- Bəs, "Neftçi"nin mərhələ adlamaq şansları haqda nə deyərdiniz? "Neftçi"nin ilk oyunu evdə keçirməsinin nə kimi faydası ola bilər?

- Çoxdandır ki, biz Çempionlar Liqasında ilk mərhələni adlaya bilmirik. İlk növbədə, məsuliyyətli olmalı və rəqibə heç bir şans verməməlidir. Hər şey öz əllərində olacaq. Doğma meydan amilinə gəldikdə, əgər komanda yaxşı hazırlaşsa, bunun fərqi yoxdur. Lakin bir problem ola bilər. "Neftçi" ev oyununu süni meydançada keçirəcək. Bu isə oyunun keyfiyyəti baxımından heç də hər bir klub üçün əlverişli hesab edilmir. Qarşılaşmanın keyfiyyəti itsə, istədiyin oyunu sərgiləyə bilməyəcəksən. Gərək, "Neftçi" Bakıda rəqibin qapısından 2-3 top keçirə ki, səfərdə rahat oynasın. Bir söz də deyim ki, yaradıcı futbol ağırdır, nəinki, dağıdıcı.

- "Bakı" Avroliqada rəqibi olan Sloveniya "Mura"sını yoldaşlıq görüşündə böyük hesabla məğlub etmişdi. İndi hər kəs onların ikinci mərhələyə asanlıqla keçəcəyini söyləyir. Bəs, siz necə düşünürsünüz?

- Mən mətbuatdan oxudum ki, klubun vitse-prezidenti Zeynal Məmmədovun "Mura"nın əvəzedici heyətiylə oynadıqlarını deyib. Onun fikriylə razıyam. Zeynal müəllim futbolçuların sakitləşməsi, eyforiyaya qapılmaması üçün bu sözləri deyib. Bunu çox ağıllı fikir kimi qəbul edirəm. Yoldaşlıq görüşü ayrı, avrokubok qarşılaşmaları tamam ayrı bir şeydir. Ancaq mənə xoş gələn bir şey var ki, "Bakı"nın heyətində kifayət qədər səviyyəli və artıq avrokubok təcrübəsi yaşamış futbolçular da çoxluq təşkil edir. Lakin bununla belə, mən inanmıram ki, "Bakı"nı Sloveniya təmsilçisiylə asan oyun gözləyir. Əgər klublarımız öz oyunlarını ortaya qoya bilsələr, növbəti mərhələyə keçə biləcəklər.

- Avroliqadakı digər təmsilçilərimiz "İnter" və "Xəzər Lənkəran" klubları haqda nə düşünürsünüz? Mütəxəssislərin çoxu onlara daha asan rəqib düşdüyünü söyləyir. Bu fikirlə razısınız?

- Biz söyləyirik ki, eston klublarını məğlub etmək asand olacaq. Xeyr, mən bununla razı deyiləm. Əvalla, Estoniyada futbol son illər yüksək inkişaf edir. Digər tərəfdən, onların ölkə çempionatları davam edir. Bu isə əlavə üstünlük deməkdir. Yəni oyun praktikası baxımından rəqibin heç bir problemi olmayacaq. Dediyim odur ki, Estoniya təmsilçiləri heç də zəif deyillər. Lakin hər şeyə rəğmən hər üç təmsilçimizin ikinci mərhələyə keçəcəyinə inanıram.

Əli HƏYATİ