Paulo Bentu ispanlara məğlubiyyətə görə bəxti günahkar sayır...

28 İyun 2012 12:48 (UTC+04:00)

Dünən "Avro 2012"-nin yarımfinal qarşılaşmasında penaltilər seriyasında İspaniya millisinə məğlub olan Portuqaliya yığmasında, bu məğlubiyyətə baxmayaraq nikbin əhval-ruhiyyə hökm sürür. Siasport.az saytı xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu, məğlubiyyətə baxmayaraq komandası ilə fəxr etdiyini dilə gətirib:"Çox yaxşı turnir keçirdik. Düşünürəm ki, keçirdiyimiz 5 oyunun hamısında güclü rəqiblərlə qarşılaşdıq. Həmin oyunlardan qalib ayrılsaq da, sonda İspaniyanı keçə bilmədik. 90 dəqiqə yaxşı oynadıq, ancaq qol vurmağı bacarmadıq. Əlavə vaxtda futbolçularımda yorğunluq hiss olunurdu. Lakin rəqibin hücumlarının qarşısını ala bildik. İspaniya millisi çox güclüdür. Məğlubiyyətə baxmayaraq, komandamla fəxr edirəm. Onlar güclü rəqibə qarşı çox yaxşı oynadılar. Penaltilər zərbəsinə gəldikdə isə bunun üzərində çox çalışmışdıq. Futbolçular da buna hazır idilər və özlərinə inanırdılar. Lakin bəxt bizim tərəfimizdə olmadı. Artıq bu oyun geridə qaldı. Sentyabr ayında DÇ-2014-ün seçmə mərhələsinin oyunları başlayacaq. Bu oyun sübut etdi ki, biz istənilən komandaya qarşı mübarizə para bilərik".