Rusiya-Azərbaycan regionlararası forumu başlayıb - FOTOLAR

28 İyun 2012 11:05 (UTC+04:00)

\"Rusiya-Azərbaycan Dialoqu 2012\" üçüncü Rusiya-Azərbaycan regionlararası forumu öz işinə başlayıb. SİA-nın verdiyi xəbərə görə, forumun açılışında çıxış edən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, forum çərçivəsində səsləndiriləcək təkliflər iki ölkə arasında sosial-iqtisadi əlaqələrin inkişaf etdirilməsinə səbəb olacaq.


Onun sözlərinə görə, hər forum Azərbaycan və Rusiya arasında strateji əlaqələri yeni səviyyəyə yüksəldir: "Forumda qloballaşan dünyada hər bir ölkə üçün fundamental əhəmiyyət kəsb edən məsələlər müzakirə ediləcək. Eyni zamanda forumda regionlararası əməkdaşlıq, bank siyasəti, pul-kredit siyasəti, investisiya siyasəti, humanitar sahədə əməkdaşlığın hazırkı səviyyəsi və inkişafı perspektivləri müzakirə mövzusu olacaq\".


Forumun açılışında həmçinin Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxuyub. Müraciətdə dövlət başçısı forumun keçirilməsini əlamətdar hal kimi qeyd edib və vurğulayıb ki, bu artıq ənənəyə çevrilib: " İki ölkə arasında bu cür forumların keçirilməsi bütün məsələlərin qarşılıqlı fikir mübadiləsi vasitəsilə çözülməsi üçün gözəl meydançadır. Rusiya ilə strateji tərəfdaşlıq getdikcə yüksəlir. Son illər bütün sahələrdə münasibətlərin inkişafı, maliyyə böhranın qarşısının alınması üçün görülən tədbirlər digərlərinə yaxşı nümunə ola bilər. Hər iki ölkənin müxtəlif səviyyələrdə münasibətləri yüksək səviyyədədir".


Tədbir davam edir.