Silahlı Qüvvələr günü NATO-da qeyd edilib

27 İyun 2012 14:10 (UTC+04:00)
Azərbaycanın NATO yanında Nümayəndəliyi və onun tərkibində fəaliyyət göstərən Silahlı Qüvvələrin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi Azərbaycanın Belçikadakı Səfirliyi ilə birgə Brüssel şəhərində rəsmi qəbul keçirib. Azərbaycanın NATO yanında Nümayəndəliyindən SİA-ya verilən məlumata görə, məqsəd Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 94-cü ildönümünün qeyd edilməsindən ibarət olub.

Tədbirdə dövlətlərin Belçika Krallığı və NATO-dakı səfirləri, bu ölkəyə, NATO və Avropa İttifaqına akkreditə olunmuş diplomatik korpusun digər üzvləri, NATO-nun Beynəlxalq Katibliyi, Hərbi Komitəsi və Beynəlxalq Hərbi Qərargahının nümayəndələri, NATO-nun Hərbi Komitəsinə akkreditə olunmuş ölkələrin Hərbi Nümayəndələri, NATO-nun bir sıra digər komitələrinin üzvləri, NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığı (SHAPE) Qərargahının hərbi rəsmiləri, Belçika Krallığına akkreditə olunmuş Hərbi Attaşelər və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Nümayəndəliyin başçısı, səfir Xəzər İbrahim və Hərbi Nümayəndə, general-mayor Hüseyn Mahmudov açılış nitqi söyləyib. Onlar qonaqları Azərbaycan Silahlı Qüvvələrinin yaranması və inkişafı tarixi və onun beynəlxalq sülhməramlı əməliyyatlara töhfəsi barədə məlumatlandırıblar. Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında inamlı tərəfdaş olması xüsusilə qeyd olunub.


Qəbul zamanı Azərbaycan bəstəkarlarının simfonik əsərləri səsləndirilib, Azərbaycan və onun Silahlı Qüvvələri barədə video materiallar nümayiş etdirilib və qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.