Vaşinqtonda Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd edilib

27 İyun 2012 14:07 (UTC+04:00)

Vaşinqtonun "Hey-Adams" mehmanxanasının ziyafət salonunda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 94-cü ildönümü münasibətilə Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən təntənəli mərasim təşkil edilib.
Səfirlikdən SİA-ya verilən xəbərə görə, bayram tədbirində Azərbaycanın ABŞ-dakı hərbi attaşesi polkovnik Eldar İsmayılov Silahlı Qüvvələrimizin yaradılmasının tarixindən danışıb. O, Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində, eləcə də bir sıra inkişaf etmiş dövlətlərin orduları ilə əməkdaşlıq əlaqələrinin şəxsi heyətin döyüş qabiliyyətinin artırılması baxımından əhəmiyyətini vurğulayıb.

Son illərdə Azərbaycan ilə ABŞ arasında hərbi sahədə əməkdaşlıq əlaqələrinin uğurlu inkişafını vurğulayan hərbi attaşe beynəlxalq terrorla mübarizə aparan koalisiyanın üzvü kimi ölkəmizin hərbçilərinin Kosovo, İraq, Əfqanıstanda sülhməramlı əməliyyatlarda fəal iştirakını qeyd edib.

Oklahoma ştatı Milli Qvardiyasının komandanının müavini, briqada generalı Uolter Fontan Azərbaycan ilə bu ştat arasında hərbi tərəfdaşlığın ABŞ-ın maraqlarına xidmət etdiyini qeyd edib. Bu dostluğun qlobal təhlükəsizlik naminə mübarizədə əhəmiyyətli rol oynadığını bildirib.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında deyib ki, ABŞ ilə ölkəmiz arasında müşahidə olunan yüksək səviyyəli hərbi tərəfdaşlıq təsadüfi deyil. Heydər Əliyevin təməlini qoyduğu və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən Avratlantik məkana inteqrasiya siyasəti - Qərb dövlətləri, xüsusilə də Birləşmiş Ştatlarla əməkdaşlığın inkişaf etdirilməsi məqsədyönlü seçimdir. Səfir Azərbaycan Silahlı Qüvvələrinin gələcəkdə də regional və qlobal təhlükəsizliyin keşiyində duracağına əminliyini ifadə etmiş, yüksək səviyyəli strateji əməkdaşlığa görə ABŞ tərəfinə minnətdarlığını bildirib.