Elnur Aslanov: \"Bölgədə Azərbaycansız heç bir layihə gerçəkləşə bilməz\"

27 İyun 2012 13:34 (UTC+04:00)

\"Dünən Türkiyədə imzalanmış TANAP layihəsi həqiqətən də çox önəmlidir. Bu, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir. Digər tərəfdən, bu, onu göstərir ki, bölgədə Azərbaycansız heç bir layihə gerçəkləşə bilməz\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O bildirib ki, bu layihə Azərbaycanın enerji önəmini bir daha vurğulayır, həmçinin istər bölgə, istərsə də Avropa üçün önəmini gündəmə gətirir. Şöbə müdirinin sözlərinə görə, son illər ərzində Azərbaycanın enerji siyasətinin aparılması bir daha onu göstərir ki, Azərbaycanın siyasəti tam şəffafdır və öz siyasətilə Avropanın enerji təhlükəsizliyinin təminatında vacib və fəal aktor kimi iştirak edir.


E.Aslanov Azərbaycanın "Nabucco" layihəsində iştirakının ikinci plana keçib-keçməməsilə bağlı sualı belə cavablandırıb: "Biz əvvəlcədən hər hansı qərar vermək istəmirik. Dəfələrlə bəyan etmişik ki, "Nabucco" yalnız Azərbaycandan asılı olan layihə deyil. Bu, Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən layihədir. Təbii ki, bu layihənin həm strateji önəmi, həm də gələcəyi tamamilə fərqlidir".