Qazax RİH: Abunə yazılışı könüllülük prinsipi ilə həyata keçirilir - TƏKZİB

25 İyun 2012 15:29 (UTC+04:00)

Hər bir mətbu orqanın yaşaması, hər gün oxucularını görüşünə getməsi üçün redaksiyalar tərəfindən bu və ya digər üsullar həyata keçirilir. Qəzetlərin satışını təşkil edən redaksiyalar abunə kampaniyasına da ciddi yanaşırlar. Heç kəsə sirr deyil ki, yönümündən asılı olmayaraq əksər qəzetlər oxucularının sayını artırmaq üçün oxunaqlı məqalələrin dərci ilə yanaşı, həmin məqalələri oxuyan oxucunu tapmağı da yaddan çıxarmırlar. Bir sözlə, redaksiyalar öz oxucusunu seçməkdə sərbəst olduğu kimi, oxucular da öz qəzetini seçməkdə sərbəstdir.

Bütün bunlara baxmayaraq bəzi qəzetlər öz oxucusunu tapa bilməyəndə yenə günahı başqalarında axtarırlar. Qəzetlərin birində isə hətta "ünvanlar" göstərilib. Nəhayət, həmin "ünvan"la əlaqə saxladıq.

"Qazax rayonunda ümumilikdə heç bir qəzet və ya digər çap məhsulları üçün heç kəsdən məcburi pul yığma halları baş verməyib". Bu fikirləri Qazax Rayon İcra Hakimiyyətindən (RİH) rayonda məktəblərdə qəzetlərə məcburi abunə yazılışına dair mətbuatda gedən yazılara münasibət bildirərək deyiblər.

İcra hakimiyyətindən bildiriblər ki, bu informasiya yalan və iftiradan başqa bir şey deyil. Rayonda qəzetlərə və digər çap məhsullarına abunə yazılışı könüllülük prinsipi ilə həyata keçirilir: "İstənilən şəxs, o cümlədən də müəllimlər tam sərbəst şəkildə mətbuata abunə ola bilər. Bu məqsədlə onlardan hansısa məbləğdə pul yığılma halları olmayıb".