Aydın Hüseynov: \"Azərbaycanda xalqla prezident arasında qarşılıqlı inam və etimad mövcuddur\" - MÜSAHİBƏ (Səs Tv)

25 İyun 2012 18:13 (UTC+04:00)

Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə müzakirə olunan mövzular və bir sıra digər məsələlərlə bağlı YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov Səs TV-yə müsahibə verib.


- Aydın müəllim, ümumiyyətlə, bu müşavirənin keçirilməsini necə qiymətləndirirsiniz? Sizcə, Azərbaycanın getdikcə artan iqtisadi potensialının paylanma istiqaməti necədir?

- İlk olaraq qeyd etmək lazımdır ki, dövlət proqramlarının qəbul olunması iqtisadi göstəricilərin artmasının təzahürüdür. 2011-2013-cü illəri əhatə edən Bakı şəhəri və şəhərətrafı kəndlərin iqtisadi inkişafı ilə bağlı qəbul edilən qanun da həmin dövlət proqramlarından biridir. Hər il olduğu kimi, bu il də Bakı Şəhəri İcra Hakimiyyətində Bakı şəhərinin 11 rayonunun icra başçıları və əlaqədar strukturların nümayəndələrinin iştirakı ilə müşavirə keçirildi. Ölkə prezidenti çıxışında qarşıda duran vəzifələr və mövcud problemlərlə bağlı bir sıra məsələləri təhlil etdi. Dövlət başçısı planlarımızın həyata keçirilməsi üçün maliyyə mənbəyimizin kifayət qədər olduğunu da qeyd etdi. Sadəcə, mövcud maliyyə mənbələrinin xərc istiqamətləri düzgün müəyyənləşdirilməli, nəzarət mexanizmi həyata keçirilməlidir. Yəni ilk olaraq maliyyə vəsaitləri müəyyənləşdirilir, daha sonra isə prioritet istiqamətlər seçilir və nəzarət mexanizmi gücləndirilir. Eyni zamanda ölkə prezidenti çıxışı zamanı yaxın gələcəkdə Bakının dünya şəhərləri arasında ən möhtəşəminə çevriləcəyini də xüsusi vurğuladı. Burada pafosdan kənar səmimi bir fikir var. Çünki bu bütün dünyaya, eləcə də xalqımıza məumdur ki, prezidentimiz hansı vədi verirsə, mütləq öz yerini tapır. İlham Əliyevin görəcəyi bütün işlər və fəaliyyət istiqamətləri əvvəlcədən planlaşdırılır və sonda həyata keçirilən məsələləri birbaşa öz nəzarətinə götürür. Yəni, dövlət başçısı qarşıya qoyduğu məqsədləri və bununla bağlı görülən bütün işlərə özü nəzarət edir. Dövlət başçısının verdiyi vədlərin bu qədər reallıqla həyata keçirliməsinin dayaqlarından biri də xalqın inamıdır. Azərbaycanda xalqla prezident arasında qarşılıqlı inam və etimad mövcuddur. Bakı şəhərinin problemlərini ardıcıl sıralasaq, bu gün insanları narahat edən bütün məsələlər həmin müşavirədə müzakirə edildi. İlk olaraq şəhərin mərkəz yerlərində köhnə, istismar müddəti başa çatmış binaların köçürülməsi məsələsi gündəmdədir. Daha sonra əhalini narahat edən önəmli məsələlərdən biri də tıxacdır. Bu istiqamətdə yeraltı keçidlərin tikilməsi, ötürücü körpülərin salınması, yolların enləndirilməsi və bir sıra digər işlər görülüb. Əvvəllər Bakı sadəcə neft sənayesi şəhəri kimi tanınırdı. Lakin indi Bakı həm də iqtisadi inkişafı, mədəniyyəti, istirahət guşələri ilə intellekt mərkəzi kimi xüsusi seçilir.


- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti 66 nəfərə şamil edilən əfv fərmanı imzalayıb. Müxalifət nümayəndələrinin repressiyaların artacağı və həbslərin çoxalacağını iddia etdiyi bir vaxtda dövlət başçısının bu addımı atmasını necə qiymətləndirirsiniz?

- \"Eurovision\" öncəsi müxalifət nümayəndələri müsabiqənin keçirilməyəcəyini, keçirilsə belə uğurla başa çatdırılmayacağını iddia edirdilər. Ümumiyyətlə, hamımız bilirdik ki, müsabiqənin ölkəmizdə keçirilməsinin qarşısını almaq üçün milli mənəvi dəyərlərimizə uyğun olmayan hər üsuldan istifadə edirdilər. Lakin təkcə Azərbaycan deyil, bütün dünya Eurovision müsabiqəsi ərəfəsində Azərbaycana axın edən turistlərin gözündə ölkəmizin necə qiymətləndirildiyini gördü. Xarici media nümayəndələri də müsabiqənin keçirildiyi zalı heyrətlə izləyirdilər. Yəni bütün bunları sıralamaqda məqsədim Eurovisiondan əvvəl müxalifət nümayəndələrinin bu müsabiqənin əleyhinə olduğunu və baş tutmaması üçün əllərindən gələni etiklərini göstərməkdir. Hətta Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bir sıra ölkələrlə yanaşı, daxili qüvvələrin də iştirakı ilə terror hadisələri də planlaşdırılmışdı. Lakin bütün bu təhlükələr və maneələr Azərbaycan dövləti tərəfindən dəf edildi və müsabiqə yüksək səviyyədə həyata keçirildi. Lakin gördüyümüz kimi, müxalifət öz çirkin əməllərinə yenə davam etməkdədir. Yəni onlar üçün bu cür planların ardı hər zaman var. Çünki xalqın maraqları, dövlətin maraqları onların şəxsi maraqlarından geridədir. Yəni onlar üçün bu dövlətin hansısa uğur qazanması deyil, onların şəxsi qazandıqları uğurlar daha maraqlıdır. Bunun üçün də ölkədə görülən bütün tədbirləri və atılan inkişafa meylli addımları gözdən salmaq üçün əllərindən gələni edirlər. İndi də müsabiqədən alnının ağı ilə çıxmış ökəmizi ləkələmək üçün bir növ ağa qara yaxmağa çalışırlar. Müsabiqədən sonra kütləvi həbslərin başlanacağı, repressiyaların olacağı ilə bağlı müxtəlif iddialar səsləndirirlər. Lakin yenə müxalifətin fikirləri alt-üst oldu. Ölkə prezidenti ilə xalq arasındakı düzgün münasibətlər, səmimi fikir birliyi hər zaman müxalifətçilərin arzularını ürəklərində qoyur. Yəni bu iddialar müxalifət nümayəndələrinin düşüncələrinin fiaskoya uğramasından başqa bir şey deyil. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyalara söykənərək idarə edilən dövlətimizdə bu cür düşüncələr əsla reallığa çevrilə bilməz. Müxalifət nümayəndələri də bunu bilməlidir ki, onların bu cəhdləri özlərini gözdən salmaqdan başqa heç bir işə yaramayacaq.


- Aydın müəllim, ölkə prezidentinin bu humanist addımı müxalifət nümayəndələri tərəfindən fərqli qiymətləndirilir. Onlar iddia edirlər ki, bu addım Qərbin təzyiqi və təsiridir. Bu haqda nə deyə bilərsiniz?

- Azərbaycan Respublikasının Prezidenti milli və dövlətçilik maraqlarını əsla heç nəyə dəyişməyib və dəyişməz də! Bu bir faktdır. Kim bunu görmək istəmirsə, artıq problem onun əqidəsindədir. Çünki ölkə başçısının Azərbaycan uğrunda atdığı addımları bütün dünya görür. Azərbaycan müstəqil dövlətdir və daxili-xarici siyasətini müstəqil qərarlar əsasında müəyyənləşdirir və milli maraqlara söykənərək həyata keçirir. Azərbaycan dövlətinə və dövlət başçısına heç bir kənar qüvvə tərəfindən təsir və ya təzyiq oluna bilməz. Əfv fərmanında həbsdən azad edilən insanların adları göstərilib. Həmin adamların bir qisminin şəxsən, bir qismininin isə ailələrinin müraciəti olub. Humanizmdən başqa burada heç bir səbəb yoxdur. Azərbaycan respublikasının prezidentinə hansısa qüvvənin nə təzyiqi nə təhriki mümkün deyil.