62 qida zəhərlənməsində 70 nəfər zərər çəkib

25 İyun 2012 17:27 (UTC+04:00)

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin may ayı ərzində gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 107 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 58 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 25 nəfər işdən müvəqqəti kənarlaşdırılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1029, mikrobioloji göstəricilərinə görə 788, toksikoloji göstəricilərinə görə 258, radioloji göstəricilərinə görə 14 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 18-də orqanoleptik və fiziki-kimyəvi, 27-də mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxmalar müəyyən olunub.

Şadlıq evlərindən 2665 yaxma nümunəsi, 8 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrində 57 çirklənmə aşkar edilib. May ayı ərzində əhali arasında 62 qida zəhərlənməsi hadisəsi baş verib, 70 nəfər zərərçəkən olub.