Salyanda dəhşətli qəza - FOTOLAR

25 İyun 2012 11:29 (UTC+04:00)

Salyanda 4 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Ölənlərin arasında ay yarımlıq uşaq da olub. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, dəhşətli yol qəzası bu gün gecə saatlarında Ələt-Astara magistral yolunun 33-cü kilometrliyində Salyanın Yenikənd kəndi ərazisində baş verib.


Masallı rayonunun Ərəb kənd sakini, Qarabağ müharibəsi əlili Rövşən Zəbulla oğlu Vəliyev idarə etdiyi "Tavriya" markalı maşınla Astara istiqamətinə hərəkət edərkən əks istiqamətdə gələn İran İslam Respublikasına məxsusus yük maşınının yan hissəsinə çırpılıb.


Hadisə zamanı "Tavriya"nın sürücüsü Rövşən Vəliyev, maşında olan sərnişinlərdən, Masallının Ərəb kənd sakinləri Qasımov Ağalar Habil oğlu, onun qızı Tünzalə Babayeva və ay yarımlıq nəvəsi Aysun Babayeva yerindəcə keçiniblər.

Iki nəfər - 1990-cı il təvəllüdlü Babayev Ağəli Qulaməli oğlu, 1976-cı il təvəllüdlü Qasımova Ruhiyyə Cahangir qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzaya səbəb "Tavriya"nın sürücüsünün sürət həddini aşması və yuxulu olması ehtimal olunur.


Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.


İqbal Mikayılov