Ərdoğan Suriyanın üzr istəməsi xəbərini təkzib edir

23 İyun 2012 02:35 (UTC+04:00)

Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Suriyanın Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-4" qırıcı təyyarəsinin vurulmasına görə üzr istəməsi xəbərini təkzib edib. "Röyters" agentliyinə istinadən xəbər verir ki, Ərdoğan bu barədə Ankarada keçirdiyi xüsusi mətbuat konfransında bildirib.


Baş nazir onu da deyib ki, hələ dəqiq bilinmir - qırıcı vurulub və ya qəzaya uğrayıb. Hökumət başçısı pilotun sağ qalması, suriyalı axtarış qrupunun onları ələ keçirməsi xəbərini də təkzib edib. Ərdoğanın sözlərinə görə, "F-4"-ün göyərtəsində olan iki nəfər haqqında heç bir məlumat yoxdur.


Baş nazir təyyarənin ehtimal olunan düşdüyü yerdə axtarış işlərinin aparıldığını söyləyib. Axtarışlarda Türkiyə və Suriyanın gəmiləri və helikopterləri cəlb edilib.


Qeyd edək ki, iyunun 22-də Türkiyə HHQ-nin sərəncamında olan F-4" qırıcı təyyarəsinin Suriyanın Latakiya əyalətində raketlə vurulduğu xəbər verilirdi. Türkiyə mətbuatının məlumatına görə isə, zədəli uçaq Aralıq dənizinə düşüb.