BDU və Türkiyənin Hitit Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

22 İyun 2012 18:29 (UTC+04:00)

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Hitit Universitetinin rektoru, professor doktor Reha Metin Alkanı qəbul edib. SİA-nın xəbərinə görə, rektor BDU-nun yaranma və inkişaf tarixindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən danışıb, Türkiyənin Hitit Universiteti ilə də münasibətlərin yaranmasında maraqlı olduğunu bildirib.


Təmsil etdiyi universiteti barədə məlumat verən professor, doktor Reha Metin Alkan da öz növbəsində BDU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.


Daha sonra universitetlərarası əməkdaşlıq barədə Anlaşma Memorandumu imzalanıb. Sənəddə tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmalar aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırma məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak nəzərdə tutulur.


İmzalanma mərasimindən sonra qonaqlar BDU-nun laboratoriyaları və elmi mərkəzlərində olub, xoş təəssüratla ayrılıblar.