Birləşmiş Ukrayna müxalifəti bir araya gəldi

22 İyun 2012 14:30 (UTC+04:00)

Birləşmiş müxalifət liderləri düzgün və şəffaf seçki keçirilməsini təmin etmələri barədə bəyannamə imzalayıb. Məlum olduğu kimi 28 oktyabrda Ukrayna Ali Radasına seçkilər keçiriləcək. Bununla bağlı ölkədə siyasi aktivlik hiss olunmaqdadır. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, birləşmiş müxalifət seçkiyə açıq partiya siyahısı ilə getməyi qərara alıb. Bu barədə bütün Ukrayna üzrə Batkivşina partiyası ətrafında birləşmiş müxalifət partiyalarının mətbuat xidməti məlumat yayıb.

Belə ki, 21 iyunda Birləşmiş müxalifət partiyalarının liderləri düzgün və şəffaf seçki keçirilməsini təmin etmələri barədə bəyannamə imzalayıblar. Birləşmiş müxalifətdən olan namizədlər haqqında ötən seçkilərlə müqayisədə daha dolğun məlumat olacaq. Namizədlərin tərcümeyi-halı, vətəndaşlığı, ali təhsili ilə yanaşı onların büdcəsi və əlavə gəlirləri barədə geniş məlumat veriləcək. Bəyannamədə o da qeyd olunub ki, korrupsiyada adı hallanan namizədlərin adları siyahıya salınmayacaq. Bundan əlavə Bəyannamədə o da qeyd olunub ki, birləşmiş müxalifətdə olan partiyaların deputatları digər deputat yoldaşlarının səsvermə kartlarından istifadə edərlərsə buna görə cinayət məsuliyyəti daşıyacaqlar. Birləşmiş müxalifətin sıralarına daha bir partiya - Vətəndaş Mövqeyi Partiyası da rəsmən qəbul olunması ilə bağlı müqavilə imzalayıb. Bundan əlavə Birləşmiş müxalifətə Batkivşina, Front Zmin (Zmin cəbhəsi), Reform i Poryadok (İslahat və qayda-qanun), Ukrayna uğrunda (za Ukraina), Xalq Hərəkatı (Narodnıx rux Ukrainı) və Xalq Özünümüdafiə(Narodnaya Samooborona) partiyaları daxildir.

Hələlik birləşmiş müxalifətdə olan bu partiyaların hamısı seçkiyə birgə getməyə hazır olduqlarını deyiblər. Batkivşina partiyasının sədr müavini, Yuliya Timoşenko fraksiyasının üzvü, Ukrayna Ali Radasının deputatı Serqey Sobolev qeyd edib ki, 25 iyundan 1-iyuladək birləşmiş müxalifət özünün son siyahısını təqdim etməyə hazırlaşır.


Əlmaniz Ələkbərli, SİA-nın Ukrayna bürosu