Bəzi rayonlarda keçiriləcək buraxılış imtahanlarının vaxtı dəqiqləşdi

22 İyun 2012 11:39 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 24-də Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu və Ağdaş rayonlarının orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirəcək. SİA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu rayonların XI siniflərində imtahanların keçirilməsi üçün 32 imtahan mərkəzi ayrılıb. İyunun 24-də adıçəkilən rayonlar üzrə 10538 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Həmin gün IX siniflərdə təhsil alan 15018 nəfər imtahan verəcək. Onlar üçün bu rayonlarda 32 imtahan mərkəzi ayrılıb.

İmtahan 2 saat davam edəcək. Buraxılış imtahanı ana dili (Azərbaycan dili bölməsinin şagirdləri Azərbaycan dilindən, rus bölməsinin şagirdləri rus dilindən) və riyaziyyat fənləri üzrə keçiriləcək.

Buraxılış imtahanının nəticələri imtahan keçirilən gündən etibarən 5 günədək elan ediləcək. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün iyulun 4-də buraxılış imtahanı verəcəklər.