Musa Qasımlı: "Həmsədr dövlətlərin rəhbərlərinin bəyanatı tərəfləri sakitləşdirməyə xidmət edir" - MÖVQE

22 İyun 2012 11:17 (UTC+04:00)

"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin - ABŞ, Fransa və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son bəyanatı əvvəlkilərdən heç nə ilə fərqlənmir". SİA-nın verdiyi məlumata görə, bu fikri YAP-ın rəsmi saytına Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, həmsədr ölkələrin prezidentləri eyni bəyanatı demək olar ki, hər il təkrarlayır, qəti münasibət bildirmirlər. Onun sözlərinə görə, bu bəyanat da tərəfləri - Azərbaycan və Ermənistanı sakitləşdirməyə xidmət edir.

"Ötən il may ayında da "G-20"-nin Fransada toplaşdığı dövrdə eyni səpgili bəyanat olmuşdu və bu bəyanatın münaqişənin həlli prosesinə zərrə qədər də təsiri olmamışdı. Elə indi də o cürdür. Sadəcə, beynəlxalq vasitəçilər atəşkəsin intensiv pozulmasından narahat olublar, ona görə də belə bəyanatlarla çıxış edirlər. Böyük dövlətlərin məqsədi münaqişənin ədalətli həlli deyil, sadəcə, tərəfləri sakitləşdirməkdir" - deyə M.Qasımlı vurğulayıb.