Türkiyə Fransaya qarşı sanksiyaları ləğv edir

21 İyun 2012 22:13 (UTC+04:00)

Türkiyə qondarma "erməni soyqırımı" ilə əlaqədar Fransaya qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını bəyan edib. SİA-nın verdiyi məlumata görə, erməniləri dəstəkləyən keçmiş prezident Nikola Sarkozinin Türkiyəyə münasibəti nəticəsində Fransaya sanksiyalar tətbiq edilməsi hər iki ölkə arasında əlaqələrə, xüsusilə də ticarət sahəsində əməkdaşlığa ciddi mənfi təsir göstərib.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu jurnalistlərə müsahibəsində bildirib ki, Baş nazir Rəcəb Tayyib Ərdoğan Rio-de-Janeyroda Fransanın yeni Prezidenti Fransua Olland ilə görüşəndən sonra bu ölkəyə qarşı sanksiyaların götürülməsinə dair zəruri göstərişlər verib. Ə.Davudoğlu vurğulayıb ki, rəsmi Paris Türkiyəyə qarşı yeni mövqe tutduğu üçün artıq sanksiyaların tətbiqinə ehtiyac qalmır.