RF XİN: \"ATƏT-in Minsk qrupunun həmsədrləri iyul ayında regiona səfər edəcək\"

21 İyun 2012 21:25 (UTC+04:00)

RF XİN–in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Moskvada bildirib ki, "Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Paris görüşü tərəflər arasında siyasi dialoqun davam etdirilməsinə hazırlığı nümayiş etdirib və biz baş tutan tədbiri müsbət qiymətləndiririk".

SİA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, Rusiya XİN hesab edir ki, bu görüş həm Ermənistanın, həm də Azərbaycanın Rusiya, ABŞ və Fransa prezidentlərinin Los-Kabosda Dağlıq Qarabağa dair bəyanatlarının ruhuna uyğun siyasi dialoqu davam etdirməyə hazır olduqlarını nümayiş etdirir.

Rusiya XİN-in nümayəndəsi üç ölkənin prezidentinin Meksikada Dağlıq Qarabağ probleminə dair verdiyi birgə bəyanata toxunaraq deyib: "Bu onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli həmsədr ölkələrin hər üçünün mənafeyinə uyğundur".

A.Lukaşeviç həftəlik brifinqdə qeyd edib ki, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan münaqişə zonasında gərginliyin azaldılması istiqamətində mümkün addımları, habelə tərəflərin silahlı toqquşmaların araşdırılmasına yanaşmalarını müzakirə ediblər. Tərəflər humanitar əlaqələrin inkişafına dair gələcək səyləri ilə bağlı mövqelərini də dəqiqləşdiriblər.

Xatırladaq ki, nazirlər Elmar Məmmədyarov və Edvard Nalbandyan iyunun 18-də Parisdə görüşərək, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda gələcək addımları müzakirə ediblər. Elə həmin gün Minsk qrupunun həmsədri olan ölkələrinin - Rusiya, Fransa və ABŞ-ın prezidentləri Meksikada "iyirmiliyin" zirvə görüşü çərçivəsində Dağlıq Qarabağa dair birgə bəyanatla çıxış ediblər.

A.Lukaşeviç bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri iyul ayında regiona səfər etməyə hazırlaşırlar.