Qəzetlər niyə məhkəməyə verilir?

21 İyun 2012 16:48 (UTC+04:00)

İlham Əliyev: "Mətbuatla mübahisələr, jurnalistlərə qarşı məhkəmə prosesləri və digər məsələlər qəzetlərin bağlanmasına və jurnalistlərin həbsinə səbəb olmamalıdır"


Son vaxtlar Azərbaycanda nəşr olunan bəzi qəzetlərdə tez-tez etibarlı mənbələrə istinad olunan xəbərlər yayılır. Bəzən qəzetlərin bir nömrəsində gedən bir neçə məqalədə belə "etibarlı mənbə"nin məlumatlarına istinad olunur.

Yalan xəbərlərin aqibəti

"Etibarlı mənbə" adı ilə verilən yazıların əksəriyyəti bu və ya digər məmura qarşı yönəlir, onlar haqqında ağlasığmaz şeylər yazırlar. Hansı ki, belə məlumatların çoxu da reallıqdan uzaq informasiyalardır. Bu cür yalan məlumatların yayılması isə mətbuatın nüfuzdan düşməsinə səbəb olur və əhalinin qəzetlərə marağını da azaldır. Bütün hallarda isə zərbə mətbuata dəyir. Eyni zamanda qəzetlərlə məmurlar arasında məhkəmə çəkişmələrinə gətirib çıxarır.

Nümunə kimi "Azərbaycan Hava Yolları" QSC (AZAL) "Yeni Müsavat" qəzetini məhkəməyə verməsini göstərmək olar. AZAL qəzetin 10 may 2012-ci il tarixli sayında dərc olunan "AZAL milyardlıq dövlət sifarişlərini tendersiz həyata keçirib" başlıqlı məqaləyə etiraz edib və 500 min manat təzminat tələb edir. Bundan əvvəl Müdafiə Nazirliyi məhkəməyə müraciət edərək qəzetdən 450 min manat civarında cərimə tələb edib. "Azadlıq" qəzeti isə Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iddiası ilə cərimələnib. "Azadlıq"ın 8 aprel 2012-ci il tarixli sayında dərc olunan məqalənin heç bir əsası olmadığına görə, qəzet mənəvi zərər əvəzi olaraq 30 min manat təzminat ödəməlidir.

Baş redaktorlar, jurnalistlər, bütövlükdə mətbuat da bunu istəsin

Məsələyə münasibət bildirən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov sözlərinə görə, hakimiyyət məmurların qəzetləri məhkəməyə verməsini dəstəkləmir: "Jurnalistlərin həbs olunmasını, qəzetlərin bağlanmasını, cəriməyə məruz qalmasını heç vaxt istəməmişik. Amma gərək baş redaktorlar, jurnalistlər, bütövlükdə mətbuat da bunu istəsin və heç bir fakta əsaslanmayan, yalan, böhtan xarakterli yazılara, belə halların təkrarlanmasına imkan verməsinlər".

Adətən, etibarlı mənbəyi və yaxud əsası olmayan yazılara radikal tipli məqalələrdə rast gəlinir. Daha çox kimlərsə hədəfə alınır. Lakin əllərində tutarlı faktlar olmadığından, bunun da sonu qəzetin məhkəməyə verilməsi və cərimələnməsi ilə nəticələnir. Azərbaycan mətbuatında bəzən heç bir real əsasa söykənmədən yazılar dərc olunur. Sonrada həmin xəbər öz təsdiqini tapmır. Həmin mətbu orqanlar yanlışlıqlarını düzəltmək əvəzinə, köhnə vərdişlərinə davam edirlər. Qərb mətbuatında 4 mənbəyə istinad etmədən hər hansı bir yazının dərc olunması mümkün deyil.

Hər kəsin ləyaqətini qorumaq hüququ var

Əli Həsənov bildirib ki, istər məmur, istər iş adamı, istərsə də digər vətəndaşlar öz şərəf və ləyaqətini, işgüzar nüfuzunu qorumaq hüququna malikdir: "Bu, konstitusiya ilə təsbit olunmuş hüquqdur və onu vətəndaşın əlindən heç kim ala bilməz. Cənab prezident İlham Əliyev 2005-ci ildə demişdi ki, mətbuatla mübahisələr, jurnalistlərə qarşı məhkəmə prosesləri və digər məsələlər qəzetlərin bağlanmasına və jurnalistlərin həbsinə səbəb olmamalıdır. 2005-ci ildən faktiki olaraq yazısına görə jurnalistlərin həbsinə və qəzetlərin bağlanmasına moratorium qoyulub. Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul olunmamasına baxmayaraq belə bir moratorium var, indi də qüvvədədir. Amma bu moratorium adi vətəndaşların, məmurların, mətbuatda hüquqları pozulmuş insanların məhkəməyə müraciət etməsinə, qəzetləri, onun redaktorunu, yazarlarını inzibati qaydada cərimələtməsinə və digər inzibati cəzalara cəlb etdirməsinə heç bir maneə törətmir".

Qanunlar nə deyir?

Sözsüz ki, jurnalistlər ictimai əhəmiyyət daşıyan hadisələri və şəxsləri hər zaman izləyir və cəmiyyət üçün əhəmiyyətli gördükləri informasiyaları ictimaiyyətlə paylaşırlar. Odur ki, jurnalistlər informasiyaları əldə etmək, yaymaq, ifadə etmək hüququnun hansı hallarda məhdudlaşdığını, bu məhdudiyyətlərin necə tətbiq edilməli olduğunu bilməlidir.

Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları olsa da konstitusiyanın 24-cü maddəsinə əsasən,"Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir".

Konstitusiyanın 32-ci maddəsi Şəxsin şəxsi toxunulmazlıq hüququnu təminat altına alıb. İstənilən məsələyə toxunan jurnalist bu hüquqa hörmətlə yanaşmalıdır. Şəxsi toxunulmazlıq hüququ şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu əhatə edir və qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilənin yolverilməz olduğunu bildirir. Bu maddədə öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.Konstitusiyanın 46-cı maddəsində təsbit edilən şərəf və ləyaqətin müdafiəsi hüququ da Konstitusion hüquqlardandır və ifadə azadlığı, habelə məlumat azadlığı və media azadlığının məhdudlaşdırılmasının qırmızı xətlərini təşkil edir. Jurnalistlər bilməlidir ki,"hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz".


Qəzetlər insan hüquqlarının ali prinsip olduğunu qəbul etməlidir

Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

Prezident Administrasiyasının şöbə müdiri hesab edir ki, Azərbaycan qəzetləri müasir dövrdə insan hüquqlarının ali prinsip olduğunu qəbul etməli, bu çərçivədə işləməyi öyrənməlidir, vətəndaşların, məmurların hüquqlarını, işgüzar nüfuzunu, şərəf və ləyaqətini gözləməyi bacarmalıdır.