Azərbaycan yeni beynəlxalq yarışlar üçün namizədliyini irəli sürür

21 İyun 2012 16:19 (UTC+04:00)
"Azərbaycan daim müxtəlif idman yarışlarında öz namizədliyini irəli sürür. Çünki biz idman ölkəsi kimi seçilirik, idman sahəsində böyük tikintilər aparırıq". SİA-nın məlumatına görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov ölkənin Gürcüstanla birgə futbol üzrə dünya çempionatını keçirməsi məsələsinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, ölkəmizdə olimpiya standartlarına uyğun gimnastika kompleksi, olimpiya stadionu, 34 olimpiya kompleksi və velotrekin tikilməsi barədə qərar qəbul olunub: "Düşünürəm ki, belə bir imkanlarımız varkən niyə də Azərbaycan möhtəşəm yarışlara ev sahibliyi etməsin. 2016-da Dünya Şahmat Olimpiyasının keçirilməsi üçün Şahmat Federasiyası ilə birgə namizədliyimiz irəli sürülüb. İslam Həmrəyliyi Oyunları-2017 və nəhayət 2020-də Gürcüstanla birgə futbol çempionatını keçirə bilərik".