Yeni “Bakı-Tiflis Media Klubu” yaradılıb

21 İyun 2012 13:33 (UTC+04:00)

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Gürcüstan mediasında Azərbaycan haqqında" layihəsi ilə bağlı tədbir keçirib. SİA-nın məlumatına görə, layihə çərçivəsində AJQA-nın rəhbəri Sevil Yusifova və "Novosti-Azerbaycan" beynəlxalq agentliyinin icraçı direktoru Gülnarə Məmmədquluzadə Tiflis şəhərində səfərdə olub. Səfər barədə məlumat verən Sevil Yusifova bildirib ki, iyunun 9-dan 13-nə kimi onlar Gürcüstanın paytaxtında bir sıra aparıcı KİV nümayəndələri ilə görüşlər keçiriblər: "Biz "Novosti Qruziya"nın konfrans zalında Gürcüstanın aparıcı KİV nümayəndələri ilə bir araya gələrək "Azərbaycan və Gürcüstanın əlaqələrinin inkişafında KİV-in rolu və təsiri: Medianın regional əməkdaşlıqda yeni formatı" mövzusunda tədbir keçirdik. Tədbirdə səfərimizin əsas məqsədi olan Azərbaycan və Gürcüstan mədəni əlaqələrini inkişaf etdirib iki dövlət arasında jurnalistlərin əməkdaşlığına təkan vermək üçün "Bakı-Tiflis Media Klubu"nun yaradılması təklif edildi. Təklif hazırda gerçəkləşdirilib və bu klub yaradılıb. Qrupa qəbul məhdud çərçivədədir. Yalnız Azərbaycan və Gürcüstan nümayəndələri bu klubda iştirak edə bilərlər. Bu klub başlanğıc üçün tanışlıq və əlaqələrin inkişafı məqsədi daşıyır. Qrupda hər iki ölkənin əməkdaşları iştirak edir və onları maraqlandıran suallara cavab tapmaq imkanı da yaradılıb".

O həmçinin bildirib ki, iki dövlətin mediasının yaxınlaşması ölkələrin haqq səsinin ucaldılamasına təkan verəcək: "Dağlıq Qarabağ probleminin, o cümlədən Abxaziya və Cənubi Osetiya məsələsinin işıqlandırılmasında bu qrupun əvəzsiz rolu olacağına inanıram".

Xatırladaq ki, daha sonra tədbir müzakirələr şəklində davam etdirilib.


Mənzər Ərçəqızı