Hakimlər və hüquqşünaslar üçün yay məktəbi keçiriləcək

21 İyun 2012 12:33 (UTC+04:00)

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurası birgə "Hakimlər və hüquqşünaslar üçün yay məktəbi" keçirəcək. Azərbaycan Hüquqşünasları Konfederasiyasından SİA-ya verilən xəbərə görə, 23-27 iyun tarixində keçirilməsi nəzərdə tutulan sayca ikinci yay məktəbinin mövzusu İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinə həsr olunub. Yay məktəbində 18 hakim və 14 hüquqşünas iştirak edəcək.


Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxlaq Hüquq əməkdaşlığı Fondunun, Nikoyl Bankın, USAİD və Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə təşkil olunacaq 2-ci yay məktəbində Azərbaycan Respublikası rəsmi qrumların nümayəndələri ilə yanaşı Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlıq Fondunun nümayəndəsi Mayke Ruhlig, Almaniyanın Azərbaycan Respublikasındakı səfiri Herbert Kvelle, Nikoy Bankın İdarə heyətinin sədri Vasiliy Viktoroviç Xamaza, ABA CELLİ –nin Azərbaycandakı nümayəndəliyindən Michelle Brady açılış və salamalama nitqi ilə çıxış edəcəklər. Tanınmış hüquqşünaslardan, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü Çingiz Əsgərov, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri,Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) sədri Lətif Hüseynov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə heyətinin üzvü Ceyhun Qaracayev, Avropa İttifaqının TACIS layihəsi üzrə hüquqi eksperti Mjriana Visentin, Almaniya Federal Məhkəməsinin təqaüddə olan baş hakimi Otto Mallmann, Almaniyalı ekspert vəkillər Stefan von Raumer və Kleine Cosack ekspert qismində iştirak edəcəklər.

Yay məktəbi Novxan AF Otel-də 23 iyun 2012-ci il, saat 10.00- da öz işinə başlayacaq.