Təhsil naziri litvalı həmkarı ilə görüşüb

20 İyun 2012 23:15 (UTC+04:00)

Təhsil naziri Misir Mərdanov Litvaya səfəri çərçivəsində bu ölkənin elm və təhsil naziri Gintaras Stepanoviçiyus ilə görüşüb. SİA-nın xəbərinə görə, Misir Mərdanov Litva Respublikasına səfəri çərçivəsində keçirdiyi görüşlər haqqında Gintaras Stepanoviçiyusa məlumat verib. Nazir hər iki ölkənin təhsil əlaqələrinin inkişafında bu görüşlərin mühüm əhəmiyyəti olacağını qeyd edib.


Təhsil sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdıran nazir hazırda Litvanın müxtəlif ali məktəblərində 50-yə yaxın azərbaycanlı tələbənin təhsil aldığını söyləyib və bu rəqəmin daha da artırılması ilə bağlı müvafiq işlərin görüləcəyini bildirib.


Litva Respublikasının elm və təhsil naziri Gintaras Stepanoviçiyus Azərbaycanla təhsil sahəsində mövcud olan əlaqələrin inkişafını yüksək dəyərləndirib və bu istiqamətdə göstərilən səylərin artırılacağını vurğulayıb. Elm və təhsil naziri Litvanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə bağlı bütün məsələlərin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib.


Gintaras Stepanoviçiyus Litva Respublikası Elm və Təhsil Nazirliyinin fəaliyyətindən söhbət açıb, öz ölkəsinin təhsil sistemi və həyata keçirilən layihələr barədə məlumat verib. Görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil, peşə təhsili sahəsində ikitərəfli əməkdaşlığın inkişafına xüsusi önəm veriləcəyi bildirilib. Görüşün sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.


Elə həmin gün Misir Mərdanov Vilnüs şəhərində yerləşən "Litvalılar evi" gimnaziyasında olub, təhsil müəssisəsinin fəaliyyəti haqqında nazirə məlumat verilib. Qeyd edilib ki, Litvanın ən nüfuzlu orta məktəblərindən biri olan bu təhsil müəssisəsində 241 şagirdin təlim-tərbiyəsi ilə 47 pedaqoq məşğul olur. Nəzərə çatdırılıb ki, məktəbin maliyyə təminatı adambaşına maliyyələşmə prinsipi əsasında məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Təhsil müəssisəsi bütünlükdə ən müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub və internetə çıxış imkanları yaradılıb. Məktəbdə yekun buraxılış imtahanları təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil edilir. Ümumilikdə 6 fəndən imtahan verən buraxılış sinif şagirdlərinin hər biri Litva dilindən imtahana məcburi cəlb edilsə də, digər 5 fənni ixtisas istiqamətlərinə uyğun olaraq seçmək hüququna malikdir. İmtahanlar test və yazılı olmaqla iki üsulla keçirilir. Test sualları imtahan suallarının 20 faizini təşkil edir və imtahan ixtisas istiqamətlərindən asılı olaraq 3-6 saat davam edir.


Pedaqoji kollektivlə görüş zamanı "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində bu təhsil müəssisəsinin Azərbaycanın ümumi təhsil məktəblərindən biri ilə əlaqələrinin yaradılması qərara alınıb.

Təhsil naziri Misir Mərdanov "Litvalılar evi" gimnaziyasının kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və məktəbə Azərbaycan Respublikasının Təhsil Nazirliyi adından xatirə hədiyyəsi təqdim edib. Keçirilmiş görüşlərdə Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə də iştirak edib.