Prezident 2012-ci il dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib

20 İyun 2012 17:20 (UTC+04:00)

Dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılmaqla gəlirlər 17 038 milyon manat, xərclər isə 17 672 milyon manata çatdırılıb


Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanununu təsdiqləyib. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu dəyişikliklərlə dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılmaqla gəlirlər 17 038 milyon manat, xərclər isə 17 672 milyon manata çatdırılıb.


Xatırladaq ki, artımın strukturunda 300 milyon manat ölkənin şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların (Saatlı, İmişli, Neftçala, Hacıqabul, Şirvan, Zərdab, Kürdəmir, Salyan, Sabirabad, Şamaxı) aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılmasına yönəldiləcək.


Bundan əlavə, 200 milyon manat sovet dövründən qalan əmanətlərin qaytarılmasına büdcənin ehtiyat fondun götürülmüş vəsaitlərin bərpası üçün yenidən ehtiyat fonda qaytarılması üçün nəzərdə tutulur. Həmçinin 95 milyon manat Bakı və rayonların infrastrukturun inkişafına, 45 milyon manat təhlükəsizlik və hərbi quruculuğun gücləndirilməsinə yönəldiləcək.