Qəbələ RLS-in istifadə müddətini uzatmaq kimə sərf edir?-TƏHLİL

20 İyun 2012 18:12 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT sədri Eymon Gilmorla birgə keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qəbələ RLS-lə bağlı danışıqlar davam edir: "Hazırda danışıqların davam etməsi səbəbindən nəticələr barədə danışmaq hələlik tezdir. Yəqin ki, danışıqlar ilin sonuna qədər yekunlaşacaq. O zaman nəticələr barədə danışmaq olar".

Rusiyanın əsas hədəfi

Rəsmi Bakı açıq şəkildə öz mövqeyini ortaya qoysa da Rusiya mətbuatında stansiya ilə bağlı xəbərlər dərc olunur. Rusiyanın nüfuzlu "İzvestiya" qəzeti adını çəkmədiyi hərbi mənbəyə istinadən yazır ki, Qəbələ RLS-də çalışan rusiyalı zabitlərə ölkəni tərk etmək üçün iyulun 1-ə kimi vaxt verilib. Xəbərə görə, təyin olunmuş vaxta qədər zabitlər öz ailələri ilə birgə ölkədən çıxmaq əmri alıblar: "Hərbi şəhərcikdə xəstəxanalar bağlanıb, məktəblər və uşaq bağçaları da bağlanmağa hazırlanır".

Rusiya Qəbələ RLS-in istifadə müddətini uzatmaqla 2017-2019-cu illərə qədər inşası gözlənilən "Voronej-VP" yeni radiolokasiya stansiyasının təhvilinə qədər vaxt qazanmaq istəyir. Lakin rəsmi Bakı ilə dalana dirənən danışıqlar Rusiyanı çıxılmaz vəziyyətdə qoyub.

Stansiyanın icarəsi ilə bağlı son vaxtlar gedən müzakirələri "İzvestiya"ya şərh edən, Rusiya Müdafiə Nazirliyindən olan mənbənin bildirdiyinə görə, Rusiya üçün iki yeni "Voronej" stansiyası tikmək Qəbələdəki stansiyanın icarəsini ödəməkdən daha ucuz başa gələcək.

Danışıqlar boş yerə aparılır

Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru İldırım Məmmədovun sözlərinə görə, stansiyanın fəaliyyətinin heç bir halda Azərbaycan üçün faydası yoxdur: "Hazırda İranın Rusiya ilə isti münasibətləri var, ABŞ-la isə əksinə kəskin olaraq qalır. İş orasındadır ki, bu stansiya nə vaxtsa İran əleyhinə istifadə olunarsa, Azərbaycan İran raketlərinin zərbəsinə məruz qala bilər. Dini bir, mədəniyyəti, tarixi ortaq olan qonşu dövləti özümüzə qarşı qaldırırıq. Azərbaycanın ərazisində yerləşən RLS nəyə görə Rusiya hərbi-siyasi rəhbərliyinin ciddi nəzarətində olmalıdır? Bir tərəfdən Ermənistanla hərbi əməkdaşlığı gücləndirir, bir tərəfdən də Azərbaycanda olan "dadlı tikə"ni əldən vermək istəmir. Bunun səbəbi isə odur ki, Rusiya Azərbaycandan getmək istəmir".

Danışıqların nəticəsinə gəldikcə, hərbi ekspert bildirib ki, müharibə aparan ölkənin daxilində başqa bir dövlətə məxsus 2500-3000 şəxsi heyəti olan hərbi bazanın olması Azərbaycana lazım deyil: "Danışıqlar boş yerə aparılır. Hansısa alver xarakteri daşıyır. Yəqin ki Azərbaycan təklif olunan məbləğdən imtina edib, stansiyanın fəaliyyətini yavaş-yavaş dayandıracaq. Çünki onun bağlanmağının Azərbaycana xeyri daha çoxdur, nəinki onun işləyib mənfəət gətirməyi. Çünki Azərbaycanın kifayət qədər pulu vardır".

Qərbin maraqlarına toxunur

Rusiya Bakının Qəbələ RLS-dən istifadəsinə razılığı Azərbaycan tərəfindən kommersiya mənfəətindən alınan vəsait kimi nəzərdən keçirməməlidir. Belə ki, Moskva nəzərə almalıdır ki, Azərbaycan Rusiya tərəfindən Qəbələ RLS-in istifadəsinə razılaşarkən öz üzərinə müəyyən risk götürür. Belə olduğu halda, Qəbələ RLS ətrafında əməkdaşlıq uzunmüddətli siyasi-hərbi nəticələrə imkan yaradır. Belə ki, bu, müəyyən dərəcədə Qərbin maraqlarına da toxunur.

Heç kimə sirr deyil ki, Azərbaycanın Qərblə müəyyən yaxınlaşma cəhdlərində Rusiya ilə sıx əlaqələrə də işarə edilir. Qərbin müəyyən dairələri hətta Rusiya ilə belə sıx əməkdaşlıq səviyyəsinə görə Azərbaycana təzyiq göstərməyə də çalışırlar. Buna görə də, Rusiya başa düşməlidir ki, təkcə Azərbaycanla yox, ümumiyyətlə, regionun digər ölkələri ilə münasibətlər belə davam edə bilməz.

"Daryal"ın önəmi

Qeyd edək ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş "Daryal" tipli RLS SSRİ-nin raketdən müdafiə kompleksinin 8 əsas stansiyalarından biri olub. O, Rusiyanın hava hücumundan müdafiə sisteminin mühüm elementi sayılır və Yaxın Şərq, Fars körfəzi regionunda hava məkanında baş verənləri izləmək iqtidarındadır. Hazırkı müqavilə ilə Rusiya Qəbələ RLS-in icarəsinə görə, ildə 7 milyon dollar ödəyir və bu ilin sonunda Qəbələ RLS-in icarə müddəti başa çatır.