Prezident İlham Əliyev: “Süni qiymət artımının qarşısının alınması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir”

20 İyun 2012 12:38 (UTC+04:00)

Azərbaycanda həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində böyük irəliləyişlər əldə edilib. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycanda Antiinhisar orqanının yaradılmasının 20 illiyi ilə əlaqədar Beynəlxq konfransın" iştirakçılarına müraciətində deyilir.

Dövlət başçısı müraciətində bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra bazar iqtisadiyyatının əsaslarının formalaşması məqsədi ilə köklü islahatlar gerçəkləşdirilib. Sosial-iqtisadi inkişafın davamlı artım tempinə nail olan ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülmüş və böyük irəliləyişlər əldə edilib.

Dövlət başçısı müraciətində vurğulayıb ki, inhisarçılığın, haqsız rəqabətin və süni qiymət artımının qarşısının alınması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Əmtəə və xidmət bazarlarında istehlakçıların hüquqlarının qorunmasını təmin edən etibarlı mexanizmin tətbiqi üçün bütün lazımi şərait mövcuddur. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.