MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının XI iclası keçirilib

19 İyun 2012 17:43 (UTC+04:00)

12-15 iyun 2012-ci il tarixlərdə Rusiya Federasiyasının Moskva vilayətinin Troitsk şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasının on birinci iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, Rusiya Federasiyasının, həmçinin Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Respublikalarının nümayəndələrinin iştirak etdiyi iclasda Azərbaycan Respublikasını Dövlət Miqrasiya Xidmətinin rəis müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.


İclasda çıxış edən Pərviz Musayev Azərbaycanda miqrasiya sahəsində mövcud vəziyyətdən, cari ilin 5 ayını əhatə edən nəticələrdən danışıb. Bildirib ki, 2012-ci ilin 5 ayı ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi ilə bağlı 24.314 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

P.Musayev bildirib ki, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, həmçinin əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma, müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması istiqamətində müvafiq tədbirlər keçirilib. Nəticədə 2012-ci ilin 5 ayı ərzində 6000-ə yaxın əcnəbi tərəfindən Azərbaycan Respublikasının inzibati qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 1300-dən çoxuna cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 4000 əcnəbi barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmə, 669 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.


Xidmət rəisinin müavini iclas iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatının aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri məlumatlarla təmin edilməsi, sənədləşmə, yoxlama, sorğu və təhlil işinin avtomatlaşdırılması, o cümlədən bu sahədə elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2009-cu il tarixli Fərmanı ilə Vahid Miqrasiya Məlumat Sistemi yaradılıb. Bu sistem vasitəsilə ölkədə miqrasiya proseslərinə nəzarət həyata keçirilir. P.Musayev həmçinin bildirib ki, Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin elektron qaydada qəbulu və baxılmasını tam təmin edib.


P.Musayev həmçinin vurğulayıb ki, miqrasiya sahəsində ölkə qanunvericiliyinin təkmilləşdirilməsi üzrə işlər gücləndirilib, bir sıra yeni hüquqi aktlar qəbul olunub. O cümlədən digər dövlət orqanlarının yekun fikir və təklifləri nəzərə alınmaqla hazırlanmış "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi" müvafiq qaydada təqdim edilib.


İclas çərçivəsində "MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti haqqında", "2009-2011-ci illər üçün MDB iştirakçı dövlətlərin qanunsuz miqrasiyanın qarşısının alınması üzrə əməkdaşlıq Proqramının həyata keçirilməsinin yekunu haqqında", "Əmək fəaliyyətinin həyata keçirilməsinə görə, patentlərin verilməsi üzrə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin iş təcrübəsi haqqında", "Şəxslərin dövlət sərhədindən qəbulu və təhvil verilməsi haqqında həmsərhəd ölkələr və MDB iştirakçı dövlətlərlə beynəlxalq sazişlərin bağlanılmasına dair danışıqlar prosesinin aparılmasının gedişatı haqqında (readmissiya)" və digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılaraq müvafiq Qərarlar qəbul edilib.


Tədbir zamanı Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev "Rusiya Federal Miqrasiya Xidməti - 20" xatirə medalı, nümayəndə heyətinin üzvü Kəyan Hacıyev isə Federal Miqrasiya Xidməti direktorunun təşəkkürü ilə təltif ediliblər.


Sonda Şuranın növbəti 12-ci iclasının 2012-ci ilin ikinci yarısında Qırğızıstan Respublikasında keçirilməsi qərara alınıb.