Qəddar rəftara görə 4 min manat cərimə

19 İyun 2012 13:21 (UTC+04:00)

İşgəncə hesab olunmayan, qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzaya görə 3 min manatdan 4 min manata qədər cərimə və yaxud 2 ilədək müəyyən vəzifədən məhrum etmək, hətta 2 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən SİA-ya verilən xəbərə görə, əgər vəzifəli şəxs belə bir haldan xəbərdar olarsa, onu 3 ildən 8 ilədək azadlıqdan məhrum etmək cəzası gözləyir. Eyni əməllər sağlamlığa ağır zədə vurmaqla törədilərsə, 6-11 il azadlıqdan məhrum etmək cəzası nəzərdə tutulub.

Məcəlləyə dəyişikliyə əsasən, cinayət törədən şəxsə tətbiq edilən cəza və digər cinayət hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani və yaxud ləyaqəti alçaldan xarakter daşıya bilməz. Bu məsələlər Cinayət Məcəlləsinə dəyişiklik zamanı müzakirə edilib və müzakirələrin yekunu olaraq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.