Böyük Bakı regional inkişaf planı ilə bağlı ictimai müzakirə təşkil olunacaq

19 İyun 2012 13:16 (UTC+04:00)

Böyük Bakı regional inkişaf planının növbəti mərhələsi ilə bağlı iyulun sonunda Bakıda ictimai müzakirə təşkil olunacaq. SİA-nın verdiyi məlumatına görə, bunu jurnalistlərə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib. Onun sözlərinə görə, iclasda inkişaf əraziləri, hansı yerlərdə hansı tikintinin aparılması nəzərdə tutulması müzakirə olunacaq: "İlk növbədə, Böyük Bakının 2030-cu ilədək inkişaf istiqamətlərini və Bakının potensialını üzə çıxartmaq niyyəti var. Bizim komitənin sifarişi ilə Bakının mərkəz hissəsinin müfəssəl planı başa çatdırıb və aidiyyatı orqanlar tərəfindən razılaşdırılıb. Bu sənəd Bakı şəhər İcra Hakimiyyətinə təsdiq edilmək üçün təqdim olunub".

D.Dövlətxanov vurğulayıb ki, bütün dünyada paytaxt şəhərinin mərkəz hissəsi ən bahalı ərazilər hesab olunur: "Bu səbəbdən Bakı şəhərinin mərkəz hissəsinin müfəssəl planında mərkəz hissəsinsə yerləşən birmərtəbəli binaların əvəzinə, ilk növbədə, ümumşəhər əhəmiyyətli obyektlərin tikintisi və birinci növbədə yaşıllıqların salınması nəzərdə tutulur".