Avropa İttifaqı-Azərbaycan siyasi dialoqu baş tutub

19 İyun 2012 06:31 (UTC+04:00)

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb


Brüsseldə Avropa İttifaqının Siyasi və Təhlükəsizlik Komitəsi səviyyəsində Azərbaycan ilə növbəti siyasi dialoq görüşü keçirilib. Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyindən verilən məlumata görə, iclasda Azərbaycan tərəfdən Avropa İttifaqı yanında nümayəndə, səfir Emin Eyyubov iştirak edib. Avropa İttifaqını isə Siyasi və Təhlükəsizlik Komitəsinin sədri səfir Olaf Skooq və Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort təmsil ediblər.


O.Skooq Azərbaycanın qlobal və regional miqyasda böyük əhəmiyyətə malik olduğunu, Aİ-nin Azərbaycanı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini və Aİ üzvü olan ölkələrin Azərbaycan ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib.


Səfir Emin Eyyubov Aİ nümayəndələrinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında geniş məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin və bu prosesdə Aİ-nin qəti mövqedən çıxış etməsinin vacibliyini vurğulayıb.


F.Lefort Aİ-nin münaqişənin nizamlanmaması ilə bağlı Azərbaycanın narahatçılığını paylaşdığını və nizamlanma prosesinə töhfə verməyə hazır olduğunu bildirib.


İclas çərçivəsində səfir Emin Eyyubov Azərbaycanda aparılan siyasi və sosial-iqtisadi islahatlar haqqında ümumi məlumat təqdim etmiş, Aİ-Azərbaycan münasibətlərinin gələcək inkişaf perspekrivləri müzakirə olunub.


Rəsmi iclasla yanaşı digər Cənubi Qafqaz ölkələrinin nümayəndələrinin iştirakı ilə birgə işçi nahar təşkil edilib. Nahar zamanı regional proseslər, terrorla mübarizə və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.