Onların rəqibləri bu günkü oyunlardan sonra məlum olacaq
Futbol üzrə Avropa çempionatının ¼ final mərhələsinə vəsiqə qazanan növbəti komandalar İspaniya və İtaliya milliləri olublar. C qrupunda keçirilən son oyunlarda ispanlar Xorvatiya yığmasını 1:0 hesabı ilə, italiyalılar isə İrlandiya millisini 2:0 hesabı ilə məğlub ediblər. Beləliklə, İspaniya millisi qrup mərhələsini birinci, İtaliya yığması isə ikinci pillədə yekunlaşdırıb.
İtaliya-İrlandiya oyununda hesabı 36-cı dəqiqədə hücumçu Antonio Kassano açıb. 90-cı dəqiqədə Mario Balotelli künc zərbəsindən sonra İrlandiya millisinin qapısına ikinci qolu vurub. İrlandiya yığması oyunu 10 nəfərli bitirməli olub. 89-cu dəqiqədə Kit Endrüs ikinci sarı kartla meydandan qovulub.
Xorvatiya-İrlandiya qarşılaşmasında yeganə qol oyunun sonunda vurulub. 88-ci dəqiqədə Xesus Navas İspaniya millisini qrup liderliyində möhkəmləndirən qola imza atıb.
Üç turdan sonra İspaniya millisi 7, İtaliya yığması isə 5 xal toplayıb. Xorvatiya millisinin hesabında 4, İrlandiya yığmasının isə 3 xalı var.
¼ finalda İspaniya millisi D qrupunda ikinci yeri tutacaq komanda ilə qarşılaşacaq. İtaliyalıların isə rəqibi həmin qrupun qalibi olacaq. İki turdan sonra Fransa və İngiltərə millilərinin 4, Ukrayna yığmasının isə 3 xalı var. Xal qazana bilməyən İsveç millisinin isə pley-offda olmayacağı dəqiqdir.