Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini müəyyənləşdirməlidir. SİA-nın xəbərinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, artıq Ermənistan Rusiya üçün heç bir əhəmiyyət kəsb etmir. Onun sözlərinə görə, strateji baxımından bu gün Azərbaycan Rusiya üçün Ermənistandan 100 dəfə çox lazımlı bir dövlətdir: "Bu baxımdan yəqin ki, Rusiyanın yeni seçilən prezidenti Vladimir Putin Azərbaycanın regiondakı mövqeyini, dünyaya inteqrasiyasını, beynəlxalq aləmdə qazandığı nüfuzunu nəzərə alaraq münaqişə ilə bağlı ortaya konkret mövqe qoyacaq və Qarabağ problemi həll olunacaq. Çünki bu problemin həllinin açarı Rusiyanın əlindədir. Bu fikirlər də ulu öndər Heydər Əliyevə məxsusdur. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bir çox beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, BMT məşğul olsalar da çox təəssüf ki, ortada heç bir nəticə yoxdur".
Ə.Həsənov bu gün Parisdə keçirilən Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünə də münasibət bildirib. Onun fikrincə, nə qədər ki, Ermənistanda azərbaycanlıların qanı üzərindən hakimiyyətə gəlmiş Serj Sərkisyan rejimi var, onlar heç vaxt münaqişənin həllinə getməyəcəklər: "Ona görə də münaqişənin həlli ilə bağlı Rusiya mövqeyini ortaya qoymalıdır. Bundan əlavə, ATƏT-in Minsk qrupunun üzvü olan digər dövlətlər, ABŞ-da bu məsələdə Rusiyaya qoşulmalıdır".