Dövlət Miqrasiya Xidmətində Milli Qurtuluş Günü qeyd olunub

15 İyun 2012 13:40 (UTC+04:00)

15 iyun 2012-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə bildirilib ki, hər bir xalqın tarixində milli liderin, şəxsiyyətin əvəzolunmaz rolu var və bunu Azərbaycan xalqının timsalında daha aydın dərk etmək mümkündür. Ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızda baş verən hadisələr Azərbaycanı məhv olmaq, dünya siyasi xəritəsindən silinmək, ölkəni olum, ya ölum dilemması qarşısında qoymuşdu. Məhz 15 iyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın israrlı tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdışı milli dövlətçiliyimizi xilas etmiş və Azərbaycanın XXI əsrə müstəqil, demokratik dövlət kimi daxil olmasının möhkəm bünövrəsini qoymuşdur.

Vurğulanıb ki, hələ 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının qurtuluş mübarizəsinin önünə keçmişdir. Daha sonra Vətənə qayıdan Ulu öndər Naxçıvana pənah gətirərək bütün Azərbaycanın Qurtuluş mücadiləsinə qalxmışdır. O zaman milli müstəqilliyimizin ilk addımları da məhz Naxçıvanda atılırdı. Muxtar Respublikanın adından "sovet" və "sosialist" sözlərinin çıxarılması, Naxçıvan "Ali Soveti"nin "Ali Məclis" adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə Naxçıvanda ucaldılması, Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, SSRİ-nin saxlanılması barədə referendumdan imtina olunması, 1990-cı ilin 19-20 yanvar faciəsinə siyasi qiymət verilməsi, dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə tarixi qərarların çıxarılması, habelə bir çox digər cəsarətli addımlar Naxçıvanı qurtuluş mücadiləmizin önünə çıxarmışdır.

Daha sonra bildirilib ki, 1993-cü ilin iyun günlərində Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsi özünün yeni – həlledici mərhələsinə qədəm qoymuş, bütün Azərbaycanın qurtuluşu başlanmış və 15 iyun - əbədi olaraq Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə yazılmışdır.


Qeyd edilib ki, dövləti məhv olmaq təhlükəsindən xilas edən müdrik siyasətçi qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsini aradan qaldıraraq, Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu proseslərinə start vermişdir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycanın ən yeni tarixinə sosial-iqtisadi yüksəliş dövrü kimi yazılmışdır. Bu dövr ərzində Heydər Əliyev ölkəmizi təhlükə və çətinliklərdən qurtararaq ardıcıl inkişaf yoluna çıxarmış, ictimai-siyasi sabitlik təmin olunmuş, iqtisadi inkişafa geniş meydan açılmış, ölkəyə xarici sərmayələr cəlb edilmiş, dövlət idarəçiliyi mexanizmi yenidən yaradılmış, nizami ordu qurulmuş, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirilmiş, ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmişdir. Həmçinin dövlətimiz dünya birliyində layiqli yerini tutmuş, bölgədə geosiyasi mövqelərini möhkəmləndirərək böyük beynəlxalq nüfuz qazanmışdır. Nəticə etibarilə Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət qurulmuş, azad vətəndaş cəmiyyəti bərqərar edilmişdir. Və bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev həmişə xalqa arxalanmış və onun tam dəstəyini hiss etmişdir. Bir sözlə, Ulu öndər Heydər Əliyev zəngin siyasi fəaliyyəti ilə Azərbaycan dövlətinin tarixində müstəsna rol oynamışdır. Məhz buna görə xalqımız Ulu öndərin adını tarixə dövlətimizin xilaskarı, memarı və qurucusu kimi həkk etmişdir.


Vurğulanıb ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müşahidə olunan tərəqqi, genişmiqyaslı inkişaf, həyata keçirilən əzəmətli layihələr, respublikanın hərtərəfli modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər məhz Ulu öndərin müəyyənləşdirdiyi yolun layiqincə davamıdır. Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə aparılan uğurlu islahatlar Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradır.

Tədbirdə həmçinin diqqətə çatdırılıb ki, son illər respublikanın sürətli sosial-iqtisadi inkişafı, onun əlverişli geosiyasi mövqeyi Azərbaycanda miqrasiya proseslərinin intensivləşməsinə gətirib çıxarmışdır. Miqrasiya proseslərinin tənzimlənməsi üçün miqrantların dəqiq qeydiyyatının, statistikasının aparılması, onların ölkə qanunları çərçivəsində yaşayıb-işləmələrinin təmin edilməsi Azərbaycanın milli təhlükəsizliyi baxımından da vacib əhəmiyyət daşıyır. Bütün bu reallıqları müdrikliklə dəyərləndirən cənab İlham Əliyev, hələ 2006-cı ilin 25 iyul tarixində "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının (2006-2008-ci illər) təsdiq edilməsi haqqında Sərəncam, 19 mart 2007-ci ildə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalamışdır.

Sonda qeyd olunub ki, bu gün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin hər bir əməkdaşı əmindir ki, Prezident cənab İlham Əliyevin davamlı olaraq miqrasiya sahəsində həyata keçirdiyi tədbirlər ölkədə miqrasiya proseslərinin çevik prosedurlar əsasında tənzimlənməsinə və idarə olunmasına xidmət edir. Və əminliklə demək olar ki, bütün sahələrdə oldugu kimi, miqrasiya sahəsində də əldə edilən nailiyyətlər məhz 15 iyun 1993-cü ildə öz dahiliyini bir daha tarixin sınağına çıxarmış Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və ölkə Prezidenti cənab İlham Əliyevin davamlı fəaliyyəti nəticəsində mümkün olmuşdur.

Tədbir Qurtuluş Gününə həsr edilmiş sənədli filmin nümayişi ilə davam etdirilib.