Anomal hava şəraiti nə zaman düzələcək?

14 İyun 2012 16:45 (UTC+04:00)

\"Son günlər cənubdan hərəkət edən isti hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində hava şəraiti anomal isti keçir. Bu hava şəraiti iyunun 18-nə kimi davam edəcək\". Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.


Onun sözlərinə görə, yaxın 2 gün ərzində hava şəraitində mühüm dəyişiklik gözlənilmir, yağmursuz və anomal isti hava davam edəcək. Bakı və Abşeron yarımadasında gündüz saatlarında havanın temperaturu 35-38 təşkil edəcək, yarımadanın bəzi yerlərində 40 dərəcəyədək yüksələcək. Yaxın 2 gün ərzində paytaxtda əsasən mülayim cənub şərq küləyi əsəcək.


Respublikanın Aran rayonlarında da, eyni zamanda Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında maksimal temperatur 35-40 dərəcə intervalında dəyişəcək.


İyunun 17-dən hava şəraitinin dəyişiləcəyi gözlənilir. Belə ki, iyunun 17-dən başlayaraq temperatur tədricən enəcək. Şimal küləyinin sürəti nisbətən artacaq və bu səbəbdən temperatur 30-34 dərəcə intervalında dəyişəcək. İyunun 18-də hava şəraiti daha da sərinləşəcək, küləkli hava davam edəcək. Havanın temperaturu paytaxtda 26-29 dərəcə olacaq. Nisbətən sərin hava iyunun 20-dək davam edəcək.


Respublikanın rayonlarında da iyunun 17-dən 19-u gündüzədək qeyri-sabit hava şəraiti müşahidə olunacaq, bəzi rayonlarda axşam və gecə saatlarında yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı gözlənilir.