Gənc fəallar Qurtuluş Günü ilə əlaqədar dəyirmi-masa keçirib - FOTOLAR

14 İyun 2012 17:28 (UTC+04:00)

Bu gün "Səs" qəzetinin redaksiyasında 15 iyun Milli Qurtuluş Günü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gənc fəallarının iştirakı ilə dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi əvəzolunmaz xidmətləri qeyd olunub. Bildirilib ki, 1993-cü ildə dahi siyasətçi, dünya miqyaslı dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ölkədə bütün sahələrin inkişafına öz layiqli töhfələrini verib.

Dəyirmi masanı giriş sözü ilə açan "Səs" qəzetinin əməkdaşı Cabir Məmmədov ulu öndər Heydər Əliyevin o dövrün zəruriyyətindən hakimiyyətə qayıdışını vurğulayıb. O bildirib ki, 1993-cü ildə xalq xilaskar kimi yalnız Heydər Əliyevi görürdü. Çünki məhz o dövr xalqı düşdüyü çətin vəziyyətdən yalnız ulu öndər Heydər Əliyev çıxara bilərdi.

Daha sonra dəyirmi masada iştirak edən YAP Gənclər Təşkilatının fəalları çıxış ediblər.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Ofisinin rəhbəri Sərraf Hüseynov yeni mərhələdə Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməsini məhz Heydər Əliyev ənənələrinin davamı kimi qiymətləndirib: "Qeyd olunduğu kimi həmin illərdə Azərbaycan dövləti və dövlətçiliyi üçün təhlükəli məqamlar var idi. Lakin Heydər Əliyevin qətiyyəti bütün problemləri aradan qaldıra bilərdi. Biz baş verənlərin əyani şahidləri olmasaq da həmin dövrlərdən kifayət qədər dolğun məlumatlar, video materaillar və kitablar var ki, biz onları oxuyub izləmişik. Xüsusilə, həmin dövrün canlı şahidlərinin ifadələri vasitəsilə hər şey açıq-aydın görünür. Həqiqətən də görünür, həmin dövrdə xalq çətin bir vəziyyətdə idi. Ölkədə ərzaq çatışmamazlıqları ilə bağlı problemlər var idi. Qarabağ Qarabaş münaqişəsi məhz o dövrün problemidir ki, bu gün də biz onu yaşayırıq. Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışına qədər ölkədə problemlər çox idi. Daxili və xarici vəziyyət elə bir həddə çatmışdı ki, bütün bunların nə vaxtsa düzələ biləcəyini kimsə proqnozlaşdıra bilmirdi. Böhran baş alıb gedirdi. Bunun qarşısını almaq üçün səriştəli və qətiyyətli, xalqı bu sınaqlardan üzü ağ çıxara bilən bir liderə ehtiyac var idi. Və həmin vəziyyətdə xalq düşünürdü ki, yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində bu problemlərdən azad olmaq olar. Elə Heydər Əliyevin işıqlı ideyaları, addımları sayəsində xalq bu çətin vəziyyətdən çıxa bildi. Daha sonra Heydər Əliyev xarici siyasəti də düzgün və səhvsiz yönəldə bilirdi. Onun beynəlxaq təşkilatlarla əməkdaşlıq etməsi Azərbaycanı dünya arenasına tanıtdı. Ən ümdə məsələlərdən biri də Azərbaycan iqtisadiyyatının daha da inkişaf etdirilməsi məsələsi idi ki, Heydər Əliyev bu sahədə fundamental işlər gördü. 1993-cü ildən sonra Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatının dirçəldilməsində, xüsusilə qanunvericiliyində xeyli mütərəqqi addımlar atıldı. Yeni mərhələdə Ulu Öndərin layiqli davamçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etməsi elə məhz Heydər Əliyev ənənələrinin davamı kimi qiymətləndirilir".

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü Riyad Məmmədzadə isə çıxışı zamanı 1993-cü ildə Heydər Əliyevin Azərbaycan Ali Sovetinə sədr seçilməsi tariximizdə dönüş olduğunu vurğulayıb: "Heydər Əliyev kimi şəxsiyyət barəsində danışmaq çətin və məsuliyyətlidir. 1991-ci ilin oktyabrında Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini qazanmışdı. O illərdə də ermənilərin elan olunmamış hərbi təcavüzünə məruz qalmış qırğınların başlanması, vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına təhlükə yratmışdı.

1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarətində olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləyirdi. Bu ərəfədə Azərbaycan ziyalılar və ümumilikdə Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. 1993-cü ildə Heydər Əliyevin Ali Sovetə (Milli Məclis) sədr seçilməsi tariximizdə dönüş nöqtəsi oldu. Azərbaycanın ictimai-siyasi, iqtisadi sahələrində çox güclü yolun başlanğıcı oldu. Biz illər keçəndən sonra Heydər Əliyevin şəxsiyyəti barədə mütaliə edirik, araşdıranda görürük ki, O zəngin mənəvi irs qoyub gedib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Ulu Öndərin zəngin irsinin öyrənilməsində məqsədyönlü işlər aparır. Bu sadəcə YAP üzlərinin deyil, bütövlükdə Azərbaycan xalqının vəzifəsidir. Mən üzümü bu günün gənclərinə tutaraq bildirmək istərdim ki, biz azadlığı yaşayırıq. Gəlin bu müqəddəs amallar, hədəflər uğrunda bütün potesialımızı səfərbər edək. Ulu Öndər Heydər Əliyevin layiqli varisi Ölkə Prezidenti İlham Əliyevin ətrafında möhkəm birləşək və müqəddəs amallar uğrunda fəaliyyət göstərək".

Gənclər Birliyinin üzvü Məmmədbağır Məmmədov xalqın o zaman Heydər Əliyevin, Ulu Öndərin isə hər zaman xalqın yanında olacağını şüarlarını xatırladıb: "Əlbəttə, biz gənclər olaraq o dövrü daha çox tarixi materiallardan oxumuşuq. Tarixə nəzər saldıqda hər şey məlum olur. Heydər Əliyevin Azərbaycan xalqına xidmətləri açıq-aydın görünür. Müstəqilliyi əldə etmək çətin olduğu qədər, o müstəqilliyi qoruyub saxlamaq, daha da inkişaf etdirmək ondan da çətin və məsuliyyətli məsələdir. O dövrün hadisələri tələb edirdi ki, Heydər Əliyev kimi bir şəxsiyyət hakimiyyətə gəlsin. Sevindirici haldır ki, 1993-cü ildə Azərbaycanda sıravi vətəndaşdan tutmuş, bütün ziyalılara qədər hər kəs Heydər Əliyevin qətiyyətinə, iradəsinə inanırdı. Xalq düşünürdü ki, Heydər Əliyev də hər zaman xalqın yanında olacaq. Ümumiyyətlə, ölkədə formalaşan möhkəm ictimai-siyasi sabitlik bunu deməyə əsas verir ki, biz artıq xaosdan, anarxiyadan qurtulmuşuq. Biz hər birimiz fəxr edirik ki, Azərbaycanlıyıq. Bu müqəddəsliyi Heydər Əliyev bizə aşılayıb. Bu müqəddəslik bu gün hər bir gəncin ruhunda və amalında var".

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü Aliyə Ağrılı qeyd edib ki, Azərbaycan qadınları ölkədə gedən geniş quruculuq, ictimai-siyasi işlərdə fəallıq göstərir: "Heydər Əliyev irsinin öyrənilməsi hər bir gənc üçün vacib və əhəmiyyətlidir. Ümumilikdə Heydər Əliyev bütün sahələrə diqqət ayırırdı. Mən Ulu Öndərin ölkədə qadın siyasətinə verdiyi dəyəri qeyd etmək istəyirəm. Bildirmək istərdim ki, ölkədə qadınların fəallığının artırılması istiqamətində atdığı addımlar xüsusilə qeyd olunmalıdır. Azərbaycanda birmənalı olaraq qadınlar ölkənin nüfuzu dətəkləyir və hər zaman öz töhfələrini verməyə hazırdır. 1995-ci ildə böyük öndərin tövsiyyəsi ilə YAP-ın tərkibində Qadın Şuralarının yaradılması Azərbaycanın milli mentalitetinə uyğun bir hadisə idi. 1993-1996-cı illərdə YAP-ın sıralarına minlərlə qadın daxil oldu. Elə bu gün, YAP-ın 43,5 faizi məhz qadındır. Bu böyük hadisədir və qadınlara diqqət və qayğının nümunəsidir. Azərbaycan qadınları ölkədə gedən geniş quruculuq, ictimai-siyasi işlərdə fəallıq göstərir. Bu məsələdə ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın böyük zəhməti, əməyi var. Düşünürəm ki, Mehriban Əliyevanın fəaliyyəti Azərbaycanda qadın hərəkatını nəinki canlandırdı, hətta deyərdim ki, yeni bir mərhələ açdı".

Gənclər Birliyinin üzvü Nigar Aslanova bu gün YAP sıralarında qadınların çoxluq təşkil etməsinin sevindirici hal olduğunu ifadə edib: "Ümumilikdə Heydər Əliyevin Azərbaycan dövlətinə və dövlətçiliyinə xidməti geniş və əhatəlidir. Bütün sahələri bərabər şəkildə diqqət ayırırdı. Mən demək istərdim ki, Azərbaycanda qadın siyasəti bu gün inkişaf yolundadı. Və bu gün Azərbaycan qadını nəinki Azərbaycanı daxildə, hətta xarici təşkilatlarda da təmsil etmək iqtidarındadı. Bu Ulu Öndərin irsi və mütərəqqi siyasətinin tərkib hissəsidi. Faktdır ki, Böyük Öndər Heydər Əliyev 1995-ci ildən etibarən təhna qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, onların övladlarının təhsili məsələlərinin həllinə xüsusi diqqət ayırmışdır. Bu gün isə YAP sıralarında qadınların çoxluq təşkil etməsi sevindirici haldır. Xüsusilə qadınların seçkili orqanlarda iştirakı və seçilməsi də ən vacib məsələlərdən biridir. Ulu Öndərin Azərbaycan gənclərinə böyük diqqət və qayğısı da xüsusilə qeyd olunmaldır. Gənclərin xarici ölkələrdə təhsil alması məsələsi də prioritet məsələlərdən olmalıdır ki, bu gün həmin gənclər öz töhfələrini verir".

YAP Gənclər Birliyinin üzvü Tərlan Səfərov isə bir Azərbaycan gənci kimi Heydər Əliyev şəxsiyyətinə böyük dəyər verdiyini deyib: "Heydər Əliyevin Azərbaycana dəvət olunması və xalqa rəhbər seçilməsi önəmli hadisədir. Mən bir Azərbaycan gənci kimi Heydər Əliyev şəxsiyyətinə böyük dəyər verirəm. Və bildirmək istəyirəm ki, Ulu Öndərin böyük ənənələri bu gün layiqincə davam etdirilir. Ölkədə bütün sahələrdə gedən surətli inkişaf bunu deməyə əsas verir. Ölkədə gənclərə göstərilən diqqət və qayğı xüsusilə qeyd olunmalıdır. Biz YAP-ın gənc fəallarıyıq və bu partiyada təmsil olunmağımızdan qürur duyuruq. Çünki bu partiyanın qurucusu məhz Heydər Əliyevdir. Onun irsini öyrənmək və təbliğ etmək birim borcumuzdur".

Gənclər Birliyinin digər üzvü Bəxtiyar Budaqlı Heydər Əliyevin qətiyyəti ilə qısa zamanda ölkədəki vəziyyətin düzəldiyini söyləyib: ""Əsrin müqaviləsi"nə toxunmaq istərdim. Bu Azərbaycan tarixində önəmli səhifədir. Bunu reallaşdırmağa yalnız Heydər Əliyev siyasəti gərək idi. Çünki hələ yenicə Azərbaycana rəhbər təyin olunan və ölkədə kifayət qədər problemləri həll etmək məqamında belə bir addımın atılması çətin idi. Heydər Əliyevin qətiyyəti ilə qısa zamanda ölkədəki vəziyyət düzəldi. "Əsrin müqaviləsi"ndən sonra onlarla layihələr sadalaya bilərik ki, bunlar da Azərbaycan iqtisadiyyatının güclənməsinə hesablanmış addımlar idi".