YAP-ın sədr müavini: “Müxalifət Azərbaycanın reallığına uyğun olmayan fikirlər səsləndirməyə adət edib”

14 İyun 2012 13:55 (UTC+04:00)
\"Azərbaycanın istənilən beynəlxalq qurumla əməkdaşlığı dialoq formasında olmalıdır. Azərbaycanda insan haqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi sahəsində bu günə qədər lazımı işlər həyata keçirilib\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycan artıq 21 ildir müstəqil dövlətdir. Ölkəmiz bütün sahələrdə əhəmiyyətli layihələr həyata keçirir və uğurlu nailiyyətlərə sahib olur:


"Bu iş gələcəkdə də davam etdiriləcək. Azərbaycan bu prosesin davam etdirilməsində maraqlıdır. Ümid edirəm ki, Azərbaycan bu istiqamətdə daha da irəliləyəcək. O ki, qaldı müxalifətin ayrı-ayrı beynəlxalq qurumlara göndərdiyi hesabatlara və onların rəhbərlərinin Azərbaycana gəldiyi zaman səsləndirdiyi fikirlərə, bu fikirlər Azərbaycan xalqının mövqeyini, ölkə reallığını əks etdirən fikirlər deyil. Bu sadəcə olaraq müxalifətin çox az hissəsinin səsləndirdiyi fikirlərdir. Bu fikirlər Azərbaycan reallığı ilə üst-üstə düşmür".


Partiyanın sədr müavini Azərbaycanın bir çox beynəlxalq qurumlarla əməkdaşlıq etməsinə də münasibət bildirərkən deyib ki, bir sıra hallarda bu və ya digər beynəlxalq qurumlar ciddi əsaslar olmadan və qərəzli şəkildə Azərbaycanın siyasi sistemini ölkədəki insan haqları və demokratiya ilə bağlı tənqid obyektinə çeviriblər:


"Müxalifət Azərbaycanın reallığına uyğun olmayan fikirlər səsləndirməyə adət edib. Hesab edirəm ki, Azərbaycanda olan beynəlxalq təşkilatların nümayəndələri ölkədə cərəyan edən proseslərin həqiqi mahiyyətini aydın şəkildə dərk edə bilirlər. Azərbaycanın bütün sahələrdə real vəziyyətini beynəlxalq təşkilatların nümayəndələri öz gözləri görürlər və beləliklə müxalifətin səsləndirdiyi fikirlərin yalan olması öz təsdiqini tapır".