Əli Əhmədov: “Müxalifət öz uğurunu Azərbaycanın siyasi uğursuzluğunda görür”

14 İyun 2012 11:49 (UTC+04:00)
\"Müxalifətin radikal deyilən hissəsi özlərinin siyasi uğurlarını Azərbaycanın siyasi uğursuzluqları ilə əlaqələndirmək istəyirlər. Buna görə də onlar belə fikirləşir ki, Azərbaycanda nə qədər uğursuzluq olarsa, bu onların siyasi hakimiyyətə gəlməsini asanlaşdırmış olar. Bu çox yanlış və ziyanlı ideologiyadır\". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı belə yanaşmanı qəti şəkildə qəbul etmir:


"Buna görə də onlar Azərbaycanda həyata keçirilən və ölkənin inkişafına səbəb olan addımlara qarşı çıxmış olurlar. Azərbaycanın daha da çox tanınmasına istiqamətlənən hər hansı addım atılırsa, onlar buna qarşı çıxırlar. Beləliklə də onlar öz maraqları ilə xalqın milli maraqlarının böyük ziddiyyət təşkil etdiyini bir daha ortaya qoyurlar. Təbiidir ki, maraqları xalqın maraqları ilə üst-üstə düşməyən hər hansı siyasi qüvvənin ölkə daxilindəki siyasi proseslərdə yaxından iştirak etməsi qeyri-mümkündür. Xalqın maraqlarından kənarda fəaliyyət göstərən hər hansı siyasi qüvvənin Azərbaycan xalqının dəstəyini əldə etməsi mümkün deyil. Onlar da dəfələrlə bu tip hərəkətləri ilə özlərinin maraqlarının xalqın maraqlarına qarşı olduğunu sübuta yetiriblər".


Ə.Əhmədov qeyd edib ki, Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti ölkədə həyata keçirilən uğurlu siyasəti birmənalı olaraq dəstəkləyir və bu siyasət çərçivəsində Azərbaycanda keçirilən bu və ya digər beynəlxalq tədbirləri yüksək qiymətləndirir:


"Avropanın ən mötəbər mahnı yarışmasının Bakıda keçirilməsi Azərbaycan xalqının milli qürurunun daha da yüksəlməsinə səbəb olur. Bu birmənalı şəkildə qeyd edilməlidir ki, əgər 2020-ci ildə futbol üzrə Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edilərsə, bu da Azərbaycanın nüfuzunun yüksəlməsinə səbəb olacaq. Azərbaycan hökuməti və xalqı bu yarışmanın Bakıda keçirilməsi üçün lazım olan hər bir addımı atmağa hazırdır. Çox az sayda insanlar var ki, biz onların müxalifət olduğunu qeyd edə bilərik. Onlar Azərbaycanın uğurlarını görmək istəmirlər".