\"Şəhər turu\" avtobusları yenidən işləyəcək

13 İyun 2012 21:58 (UTC+04:00)

Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində Bakıda fəaliyyət göstərən "Şəhər Turu" (City Tour) avtobusları yenidən istifadəyə veriləcək. SİA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.


Nazir bildirib ki, mayın 15-də xarici qonaqların asudə vaxtlarını səmərəli keçirmələri və Bakı şəhəri ilə əyani tanış olmaları üçün yeni formatda "Şəhər Turu" (City Tour) layihəsinə start verilib. Bununla bağlı Nəqliyyat Nazirliyi tərəfindən 3 ədəd iritutumlu 2 mərtəbəli üstü açıq avtobuslar Bakı şəhərinə gətirilib və 15-30 may tarixlərində ölkəmizə gələn qonaqlara müvafiq turistik marşrutlarda xidmət göstərib: "Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müvafiq şəhər turu marşrutu və qrafiki hazırlanıb, həmçinin hər avtobus 2 nəfər bələdçi (ingilis və rus dilli) və aidiyyəti reklam-çap məhsulları ilə təmin edilib. 15-30 may tarixlərində Bakı şəhəri üzrə təşkil olunmuş \"Şəhər gəzintisi\" (City Tour) avtobuslarından 3 minə yaxın əcnəbi turist istifadə edib. Bildiririk ki, sənədləşmə işləri yekunlaşdıqdan sonra bu layihə davam etdiriləcək".


Mədəniyyət və turizm naziri onu da əlavə edib ki, bu avtobuslar müvafiq müqavilələr əsasında Nazirliyin İnformasiya Mərkəzinə bağlanacaq: "Avtobusların fəaliyyətində ümumi dəyişikliklər olacaq. "Eurovision" qonaqları üçün bu turları 2 saat nəzərdə tutmuşduq, bundan sonra isə 1 saat 20 dəqiqə olmasını planlaşdırırıq. Bu ilin sonuna qədər avtobuslar Azərbaycan vətəndaşlarının bu proqrama öyrədilməsi üçün pulsuz xidmət göstəriləcək. Amma növbəti ildən artıq bu avtobuslar pullu xidmətə keçəcək".