Azərbaycanda yay turizm mövsümü açıldı

13 İyun 2012 20:06 (UTC+04:00)
Bu gün "Jumeirah Bilgah Beach" mehmanxanasında Azərbaycanda yay turizm mövsümünün açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunan səfirlər, mehmanxana və turizm şirkətləri nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son dövrlər turizmin dünyada ölkələrin iqtisadiyyatına gəlir gətirən sahələrdən birinə və qlobal problemlərin həllinə təsir göstərə bilən amilə çevrildiyini bildirib. Nazir qeyd edib ki, son dövrlər turizm infrastrukturunun yaradılması və inkişafı sahəsində bir sıra mühüm işlər görülməkdədir. Azərbaycan Turizm İnstitutundan bu il 300-ə qədər tələbə, eləcə də ilk dəfə olaraq magistratura bölməsindən tələbələr məzun olduğunu deyən nazir hazırda bu ali təhsil ocağında 1400 nəfərin bakalavriat, 47 nəfərin magistratura, 17 nəfərin isə doktoranturada müxtəlif ixtisaslar üzrə təhsil aldığını qeyd edib.

Ə. Qarayev bildirib ki, 2012-ci ilin yanvar ayından nazirlik 16 beynəlxalq turizm sərgisində (Vyana, Ştuttqart, Madrid, Los Anceles, İstanbul, Milan, Vilnüs, Berlin, Moskva 2 dəfə, Tbilisi, Bakı, Varşava, Dubay, Seul, Honq Konq) iştirak edib. Nazir cari ilin sonuna qədər Tokio, Paris, Kiyev, London və Qahirədə keçirilən sərgilərdə iştirakın nəzərdə tutulduğunu bildirib: "Eyni zamanda 2012-ci ildə Azərbaycanın turizm potensialını əks etdirən 45 və 60 saniyəlik reklam çarxlarının CNN, "Euronews" və "Travel Channel" telekanallarında nümayiş olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə adları qeyd olunan telekanallar arasında müqavilə yenilənib. "Eurosport" kanalı ilə nazirlik arasında ölkəmizin təbliğatı ilə bağlı müqavilə imzalanıb. Eyni zamanda bildirmək yerinə düşər ki, nazirliyimizin Belçikanın "Unicap Television" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, qeyd olunan şirkət tərəfindən Azərbaycanın turizm potensialına dair 13 dəqiqəlik film çəkilib. Filmin iyul ayından etibarən Fransanın "TV5 MONDE" telekanalında yayımlanması nəzərdə tutulur. "BMİ Voyager", "Business Year", ABTA jurnallarında və "MİTT" sərgisinin rəsmi kataloqunda Azərbaycanın turizm potensialına dair reklam səhifələri yerləşdirilib".

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınan "www.azerbaijan.travel" saytının "Dream art" şirkəti tərəfindən işlənmiş versiyasının təqdimatı olub. Bununla yanaşı, "Azərbaycanı Kəşf Edək" layihəsi çərçivəsində Britaniyanın "TİME OUT" nəşriyyat evi tərəfindən Azərbaycana aid bələdçi kitabı hazırlanıb. Bu kitabın hazırlanması üçün nəşriyyatın mütəxəssisləri Azərbaycana səfər edib və 1 il müddətində hazırlıq işləri görüblər.


Qeyd olunanlarla yanaşı nazirliyin sifarişi əsasında Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri zamanı "Problemsiz səyahət et" adlı kitabça Azərbaycan və rus dillərində nəşr olunub.