Ermənistanla Gürcüstan çaylarımızı çirkləndirir

13 İyun 2012 20:51 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının I ongünlüyü üçün Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən keçirilən monitorinqin məqsədi Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək olub.

Məlumata görə, iyun ayının I ongünlüyündə Kür çayında suyun sərfi may ayının III ongünlüyünə nisbətən 131 m3/san azalaraq 317 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.

Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar və mis birləşmələri 3 dəfə YVQH-ni keçmiş, Ağstafaçay su anbarında isə fenollar norma daxilində olmuş, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

İyun ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 2, mis birləşmələri 3, I Şahsevən məntəqəsində mis birləşmələri 4, fenollar 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 5.45-6.60 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.