Baş prokuror AŞPA nümayəndələri ilə nədən danışıb?

13 İyun 2012 20:42 (UTC+04:00)

Baş prokuror ölkəmizdə səfərdə olan AŞPA-nın nümayəndələrini qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, dünən baş prokuror Zakir Qaralov ölkəmizə səfər proqramı çərçivəsində Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb.

Görüşdə Zakir Qaralov İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdırıb, həmçinin Azərbaycanda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər barədə məlumat verib.

AŞPA ilə Azərbaycan Respublikası arasında sıx əməkdaşlıqdan və bu əlaqələrin daha da inkişaf etdirilməsindən məmnunluğunu ifadə edən həmməruzəçilər ölkəmizdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar sahəsində zəruri köməklik göstərməyə hazır olduqlarını vurğulayıblar.