BTQ - Dünyanın 100 möhtəşəm layihəsindən biri -TƏHLİL

13 İyun 2012 15:48 (UTC+04:00)

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsi ilə bağlı müzakirələr ilk dəfə 2005-ci ildə başlayıb. Layihə uzun müddət gündəmdə olsa da maliyyə problemi onun gerçəkləşməsinə maneələr yaradırdı.

Maneələrə baxmayaraq addım atıldı

Beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparılsa da konkret fikrin ortaya qoyulmaması layihənin reallaşmasına imkan vermirdi. BTQ dəmiryolu xəttinin inşasının maliyyələşdirilməsindən ABŞ imtina etmişdi. Bu məsələ Senatda müzakirə olunsa da erməni lobbisinin təsiri nəticəsində ABŞ hökumətinin bu layihəni maliyyələşdirməsinin qarşısı alındı. Dünya Bankı da ABŞ Dövlət Departamentinin təsiri ilə layihəyə kredit ayırmaqdan vaz keçdi. Layihənin reallaşmasına Gürcüstanın vəsait qoymaq imkanları olmadığından Azərbaycan qonşu ölkəyə kredit ayırdı. Azərbaycan dövləti dəmir yolunun Gürcüstan hissəsinin maliyyəsini öz üzərinə götürməklə iqtisadi imkanlarının genişliyini nümayiş etdirməklə yanaşı, regionda əsl söz sahibi olduğunu da təsdiqlədi.

Nəhayət 2007-ci il noyabrın 21-də Gürcüstanda BTQ-nin təməli qoyuldu. 2008-ci ilin iyul ayında isə dəmiryolu xəttinin Türkiyə hissəsində işlərə başlanıldı. Azərbaycan hökuməti Gürcüstan hissəsinin inşasını maliyyələşdirərək illik dərəcəsi bir faiz olmaqla 25 il müddətinə 200 milyon dollar məbləğində güzəştli kredit verdi, sonrakı mərhələdə də 575 milyon dollar əlavə kredit ayırdı.

"Biz bu imkanları əldə etmişik. Əgər bu imkanlar olmasaydı, heç vaxt Bakı-Tbilisi-Qars dəmir yolu tikilməzdi" deyən dövlət başçısı İlham Əliyev layihənin gerçəkləşməməsi üçün erməni lobbisinin, onlara dəstək olan bəzi siyasi dairələrin böyük səylər göstərdiyini deyib. Lakin bütün cəhdlərə baxmayaraq Azərbaycan dövlətinin siyasi iradəsi nəticəsində layihənin reallaşdırılması istiqamətində addım atıldı.

600 milyon dollarlıq layihə

Dəmiryolu xətti Gürcüstan paytaxtı və Axalkalaki bölgəsindən keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirəcək. Layihə çərçivəsində 105 kilometrlik yeni qolun inşası planlaşdırılıb. Bunun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçir. Bundan əlavə, Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 kilometrlik hissəsi yenidən qurulacaq ki, bu da buraxılış qabiliyyətini ildə 15 milyon ton yükədək artıracaq. Həmçinin Axalkalakidə qatarların Gürcüstandakı mövcud yoldan Avropa yoluna keçməsi üzrə məntəqənin tikilməsi planlaşdırılır. Layihə çərçivəsində 1 stansiyanın, 6 körpü və 5 yol ötürücüsünün inşası da nəzərdə tutulub. İstismara veriləndən sonra ilkin dövrdə bu xətt vasitəsilə ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük, 2034-cü ildə isə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı ehtimal olunur. Layihənin ümumi dəyəri 422 milyon dollara yaxın, müvafiq infrastruktur ilə bərabər 600 milyon dollar həcmində qiymətləndirilir.

Avropa ilə Asiyanı birləşdirən Dəmir İpək Yolu

BTQ ilə Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına, Avropa ilə Asiya arasında mühüm nəqliyyat sisteminə çevriləcək. Bu dəmiryolunun istifadəyə verilməsindən sonra hər üç ölkə beynəlxalq yüklərin daşınmasından tranzit gəlirləri əldə edəcək. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyətə malikdir. Bu dəmiryolu vasitəsi ilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Bundan başqa dəmiryolu Strasburqla uzaq Şanxayı birləşdirəcək. Azərbaycanın ilk illərdə tranzitdən minimal illik gəliri 50 milyon dollar təşkil edəcək.

Dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars layihəsi Avropa və Çin arasındakı ticarət yollarını bir-birinə bağlayacaq, bölgənin iqtisadi-strateji əhəmiyyətini gücləndirəcək, iqtisadi-sosial həyatına böyük dəyişikliklər gətirəcək.

Digər alternativlərindən daha üstündür

BTQ layihəsinin tək Azərbaycan üçün deyil, ümumilikdə region üçün böyük əhəmiyyətə malikdir. Bu dəhliz vasitəsilə daşımalar digər dəhlizlərə nisbətən ucuz başa gələcək. Dəmiryolunda daşıma, yükləmə-boşaltma xərcləri də digər nəqliyyat vasitələrinə nisbətən aşağıdır. Avropa və Asiyanı birləşdirəcək bu layihə şübhəsiz ki, digər ölkələrin də marağına səbəb olacaq. BTQ işə salınandan sonra Asiya və Avropa arasında yaranacaq bu yeni dəhliz digər alternativlərinə nisbətən 60 km qısa olacaq ki, bu da öz növbəsində çəkilən xərclərin azalması deməkdir. BTQ dəmiryolu layihəsinin gələcəkdə Rusiya üçün də əlverişli dəhlizə çevriləcəyi ehtimalı böyükdür. Çünki hazırda Rusiya ilə Türkiyə arasında dəmir yolu bağlantısı yoxdur.


Ermənistan böyük təşviş içindədir

Gələn il istifadəyə verilməsi nəzərdə tutulan BTQ dəmiryolu xətti isə Ermənistanın regional iqtisadi təcridini bir qədər də gücləndirəcək və hadisələrin bu səpkidə inkişafından düşmən ölkə getdikcə daha böyük təşviş duymaqdadır.

Bakı-Tiflis-Qars dəmiryolunda ilk sınaq qatarı 2012-ci ilin sonlarında yola salınacaq. 2013-cü ilin əvvəllərindən etibarən isə dəmir yolu tam istismara veriləcək. Hazırda tikinti işləri davam etdirilir. Ekspertlər xüsusi olaraq vurğulayırlar ki, Bakı-Tiflis-Qarsın işə düşməsi Ermənistan üçün növbəti böyük iqtisadi zərbə olacaq.

Bakıdan Naxçıvana qatarla

Digər tərəfdən Bakı-Tiflis-Qarsın işə düşməsi Naxçıvan üçün də böyük əhəmiyyət kəsb edəcək. Məsələ burasındadır ki, gələn il Qarsdan Naxçıvana dəmiryolunun çəkilişinə başlanılacaq. Beləliklə, Bakıdan Naxçıvana qatarlar vasitəsilə həm sərnişin, həm də yüklər daşımaq mümkün olacaq.

Gürcüstanın regional inkişaf və infrastruktur naziri Ramaz Nikolaişvilinin sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti dünyanın 100 layihəsi siyahısına daxil edilib.